[center][/cener]
Ukraynanın Kurskda apardığı əməliyyatlar fonunda Qazaxıstan Moskva və Kiyevi danışıqlar masasına dəvət edib. Prinsip etibarilə Astana hər iki tərəfin iştirakı ilə aparılacaq danışıqlar üçün mükəmməl seçim ola bilər.
Azərbaycan da indiki məqamda İran və İsrailə bənzər təklif göndərə bilər. Tərəflərin Bakıda bir araya gəlib mövcud gərginliklə bağlı danışıqlar aparması mümkündür.
Ümumiyyətlə, Azərbaycan heç bir halda İsrail-İran gərginliyinin bir parçası, tərəfi deyil. Rəsmi Bakı münaqişələrin sülh və beynəlxalq hüquqa əsasən dinc yolla həllində maraqlıdır. Bundan başqa Bakı təhlükəsizlik baxımından da iki ölkə rəsmiləri üçün ən uyğun və tərəfsiz məkandır. Müqayisə üçün deyim ki, Bakıda vaxtilə ABŞ və Rusiya generalları bir araya gəlmiş, mühüm danışıqlar aparmışdı.
Bakının ən azından belə bir təklif irəli sürməsi faydalı ola bilər. Çünki son günlər istər İsrailin, istərsə də İranın Azərbaycanı prosesə cəlb etmək istədiyi sezilir.
Azərbaycan regional sülhə, təhlükəsizliyə önəm verən, bunu dövlətin xarici siyasətinin prioriteti halına gətirən ölkədir. Rəsmi Bakı heç vaxt İran-İsrail arasında tərəf tutmayıb, tutmağı da düşünmür.
Təbii ki, indiki məqamda belə bir təklifin qəbul edilməsi real deyil. Çünki İsrail Qəzzada əməliyyatları davam etdirir. Bundan başqa Təl-Əviv Hizbullaha qarşı aktiv hərbi əməliyyatlara hazırlaşır. İran isə ümumiyyətlə regional nüfuzu və imici baxımından gərginliyin olmasında maraqlıdır. Yəni hər iki tərəf mövcud vəziyyətdən məmnundur. Belə olan təqdirdə hansısa bir danışıq, ya da bir görüş real deyil. Amma Bakı yaxın gələcəkdə gərginliyin həllində kritik və həlledici nöqtə ola bilər.
Turan Rzayev, politoloq