"Dövlət və millət olaraq böyük hədəflərə doğru yolumuz davam edir. Qarşıdan növbədənkənar parlament seçkiləri və onun ardınca da COP29 kimi dünya əhəmiyyətli meqa-tədbir gəlir. Sentyabrın ilk günündə Azərbaycanda keçiriləcək parlament seçkiləri ən yeni tariximizin taleyüklü hadisələrindən biri olacaq. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Bir sözlə, Azərbaycan olaraq indi hamımız bu iki qlobal tədbirin uğurla gerçəkləşməsinə hədəflənmişik. Ən yaxın gündəmimiz seçkilərdir. 25 partiyanın üzvləri və saysız-hesabsız müstəqil namizədlər hazırda seçki kampaniyasının ən aktiv mərhələsini - təbliğat-təşviqat mərhələsini uğurla davam etdirməkdədir".
Newscenter az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, tanınmış amerikalı politoloq və sabiq səfir Metyu Brayza bu günlərdə həm 1 sentyabr seçkiləri, həm də COP29-la bağlı fikirlərini bölüşərkən qeyd edib ki, “sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycan özünün ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amilləri aradan qaldırdı. Sözsüz, bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi:
"Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər Azərbaycanın bütün ərazilərində baş tutacaq və bu seçkilər həm ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir”. Amerikalı ekspert COP29 ərəfəsində seçkilərin keçirilməsinin Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcəyini bildirib və bütövlükdə bu prosesi alqışlayıb.
Lakin Azərbaycanın bütün fəal ictimai-siyasi qüvvələrinin parlament seçkilərinə kökləndiyi və Cənubi Qafqazdakı proseslərə obyektiv yanaşan M.Brayza kimi beynəlxalq ekspertlərin həm seçkilərə, həm də COP29-a dəstəklərini ifadə etdikləri belə bir həlledici məqamda, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin radikal müxalifəti təmsil edən bir neçə digər şəxsin antimilli gündəmi isə həqiqətən də heyrətləndiricidir.
Belə ki, ölkə mətbuatında yayılan xəbərlərdən də görünür ki, bir neçə gün öncə Avropa İttifaqının (Aİ) Bakıdakı ofisində qurumun ölkəmizdəki səfiri Piter Mixalko və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirləri AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər, Arif Hacılı və bir neçə radikal müxalifət funksioneri ilə xüsusi görüş-müzakirə keçiriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin fəaliyyəti və digər məsələlərə toxunan səfir Piter Mixalko müxalifəti fəaliyyətsizlikdə qınayıb və eyni zamanda Aİ-nin Xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin bu durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb".
Komitə sədri qeyd edib ki, Cozef Borrel hara, Azərbaycan müxalifəti hara?
"Piter Mixalkonun sözügedən görüşdə səsləndirdiyi fikirlərdən məlum olur ki, Azərbaycanın radikal müxalifət qanadının fəaliyyəti qatı anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst C.Borrelin xüsusi diqqət mərkəzindədir. Niyə? Çünki Qərb (o cümlədən C.Borrelin təmsil etdiyi Avropa İttifaqı) bizim radikal müxalifətçilərə maliyyə dəstəyi verib. Söhbət rəsmi və qeyri-leqal (qanunsuz) dəstəklərdən gedir. Bu faktı P.Mixalko da məlum çıxışında etiraf edib. O, deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Lakin bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər.
Aİ təmsiçisi P.Mixalko bunun yolverilməz olduğunu bildirib və Gürcüstan müxalifətini, gürcü vətəndaş cəmiyyətini Əli Kərimliyə, İsa Qəmbərə, Arif Hacılıya nümunə göstərərək deyib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, lakin Gürcüstanda istər müxalifət, istərsə də qeyri-hökumət təşkilatları sektoru hakimiyyətə çox ciddi təsir etmək, iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir.
Maraqlıdır ki, AXCP və Müsavat rəhbərləri Aİ rəsmisinin bütün bu iradları, tənqidləri ilə qeydsiz-şərtsiz razılaşıblar. Onlar hətta Cozef Borrel kimi qatı ermənipərəstin Azərbaycanla bağlı narazılıq mesajlarına da öz etirazlarını bildirməyiblər. Bir sözlə, bizim “şanlı” müxalifətçilərimiz təki ABŞ və Aİ-nin qeyri-rəsmi maliyyələşdirməsinin ardı kəsilməsin deyə, həm öz ünvanlarına, həm də Azərbaycanın əleyhinə səsləndirilən bütün tənələri, ittihamları “həzm” ediblər. Eyni zamanda onlara verilən yeni tövsiyyə və tapşırıqları da canla, başla qeydsiz-şərtsiz qəbul ediblər. Bizim radikal müxalifətimizin gerçək antimilli mövqeyi, bax, budur".
Əlisahib Hüseynov onu da vurğulayıb ki, ancaq AXCP və Müsavat liderlərinin bu mövqeyi sadəcə siyasi əxlaq, etika məsələsi deyil. Onların bu mövqeyi eyni zamanda həm siyasi, həm də hüquqi məsuliyyət yaradır:
"Çünki “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə görə, ölkəmizdə fəaliyyət göstərən partiyalar xarici “donor”lardan, beynəlxalq qurumlardan istər rəsmi, istərsə də qeyri-leqal kanallarla hər hansı maliyyə dəstəyi ala bilməzlər. Qanun həmçinin siyasi partiyalara xarici dairələrin, beynəlxalq təşkilatların ölkəmizdə “təsir agenti”, siyasi aləti, “emissar”ı kimi çıxış etməyi də yasaqlayır. Lakin Avropa İttifaqının Bakıdakı ofisində baş tutan məlum müzakirələrin gedişində ortaya çıxan mənzərədən bəlli olur ki, Azərbaycanın radikal müxalifət nümayəndələri Qərbin siyasi aləti rolunda çıxış etməkdən nəinki narazı, əksinə, məmnundurlar. Bu isə sözsüz ki, milli maraqlarımıza tamamilə zidd mövqedir.
Biz hesab edirik ki, AXCP və Müsavat rəhbərləri bütün bunlarla bağlı Azərbaycan ictimaiyyətinə obyektiv izahat verməli və ölkə daxilində sabitliyin pozulmasına hesablanmış həmin görüşdən nəyə görə imtina etmədiklərinə və yaxud o görüşdə səsləndirilən anti-Azərbaycan xarakterli müddəalara nəyə görə etiraz etmədiklərinə mütləq aydınlıq gətirməlidirlər. Ölkəmizin iç məsələlərinin Azərbaycana qarşı qərəzli mövqe tutan tərəflərlə müzakirə edilməsi sıradan bir məsələ deyil".
Süleyman