Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Boykot taktikası radikal müxalifətin uğursuzluğunun göstəricisidir

Boykot taktikası radikal müxalifətin uğursuzluğunun göstəricisidir


Seçki günü yaxınlaşır. Bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb. Seçki prosesinin son və əsas mərhələsi hesab edilən təbliğat-təşviqat mərhələsi də artıq yekunlaşmaq üzrədir. Seçicilərin etimadını və səsini qazanmaq uğrunda sivil mübarizə kulminasiya nöqtəsinə yaxınlaşır. Bir neçə gündən sonra təşviqat kampaniyasının vaxtı bitəcək. Namizədlərin seçicilərlə görüşləri davam edir. 1000 nəfərə yaxın namizəd mandat uğrunda mübarizə aparacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasından məlum olur ki, 991 namizədin hər biri üçün bərabər imkanlar yaradılıb. Namizədlərin təşviqat kampaniyaları zamanı ciddi qanun pozuntuları müşahidə olunmur. Rəqib namizədlərin bir-birinə qarşı aqressiv, qanunazidd davranışları barədə də məlumatlara rast gəlmirik.

İctimai birlik rəhbəri olaraq mən də bütün ölkə miqyasında seçki prosesini diqqətlə izləyirəm. Müxtəlif partiyaların təmsilçilərinin və müstəqil namizədlərin sosial şəbəkə üzərindən paylaşımları ilə də mütəmadi tanış oluram. Bu namizədlərin arasında iqtidaryönümlülər də, müxalifətçilər də, bitərəflər də var. Müxalif və bitərəf namizədlərin paylaşımlarında seçki pprosesinin gedişatı ilə bağlı xüsusi narazılığa rast gəlməmişəm. Əksər namizədlər seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edir və seçicilərlə görüşmək, təşviqat aparmaq üçün heç bir maneənin olmadığını bildirirlər.

Nosradamusluq edərək seçkilərin qeyri-demokratik şəraitdə keçiriləcəyini iddia edən və seçkidə iştirakdan imtina edən radikal müxalifətin “flaqman”ı AXCP-nin önyarğılı proqnozları, iddiaları təbii ki, özünü doğrultmadı. Sentyabrın 1-də seçkilərin şəffaf, demokratik və azad formada keçirilməsi üçün hər cür şərait yaradılıb. Təşviqat kampaniyasının gedişatı da bir daha təsdiq edir ki, hər bir partiyanın və ya müstəqil namzədlərin öz təşviqat kampaniyalarını aparmaq üçün gərəkən bütün şərtlər mövcuddur. Bütün namizədlər partiya mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq onlar üçün ayrılmış eyni yer və məkanlardan rahat şəkildə istifadə edə bilirlər.

Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə açıq və şəffaf reallaşan seçki prosesini həm beynəlxalq və xarici təşkilatların, seçki müşahidə missiyalarının, həm də media mənsublarının və digər maraqlı subyektlərin yaxından izləmələri üçün hərtərəfli imkanlar yaradılıb. Bu mənada AXCP sədri Əli Kərimlinin seçkilərlə bağlı uğursuz “münəccim”liyinin zərbəsi ilk növbədə onun öz tərəfdaşlarına, partiya üzvlərinə dəydi. 30-35 illik müxalifətçilik “staj”ı olan bir partiyanın liderinin ənənəvi “boykot” taktikasını seçərək növbəti dəfə öz üzvlərini seçmək və seçilmək hüququndan məhrum etməsi o lider üçün əsla müsbət göstərici sayıla bilməz.

Boykot taktikası radikal müxalifətin siyasi mübarizə vasitəsi yox, uğursuzluğunun göstəricisidir. Seçkilərə hazır olmayan siyasi partiyanın “boykot” taktikası arxasında gizlənməsi fiaskodur. Digər partiyaların seçki prosesində fəal iştirakı isə yüksək siyasi mədəniyyət nümunəsidir. Sentyabrın 1-də Azərbaycanın bütün ərazilərində yüksək seçici fəallığı şəraitində keçiriləcək parlament seçkiləri ölkəmizin demokratik inkişafında növbəti mərhələnin başlanğıcı olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş