Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın tezliklə Azərbaycanımızın ən dilbər güşələrindən birinə çevriləcək

Laçın tezliklə Azərbaycanımızın ən dilbər güşələrindən birinə çevriləcək


"Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən iki il ötür. Məlum olduğu kimi 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın olaraq adlandırılmağa başlanıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün:

"Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.

İşğal dövründə Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Nəhayət 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olundu. Şübhəsiz ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir".

Yusif Bağırzadə deyib ki, hazırda işğaldan azad edilmiş digər ərzilərimiz kimi Laçında da genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir:

"İndiyədək bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır.

Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək".

Politoloq qeyd edib ki, ötən ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub:

"Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçazqayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək".

Yusif Bağırzadə, "Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.

Bütün sadalananlar onu deməyə əsas verir ki, Laçın tezliklə Azərbaycanımızın ən dilbər güşələrindən birinə çevriləcək",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş