"Ermənistan baş naziri Nikol Paşinyan bundan öncə referendumun 2026-cı ildə keçirilə biləcəyini demişdi. İndi isə referendum tarixi olaraq 2027-ci ili göstərir. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti bütün mümkün vasitələrlə sülh prosesini təxirə salmağa can atır. Ermənistanın sürətli silahlanması fonunda bu ölkədə hər gün artan revanşist meyillər də Paşinyan hakimiyyətinin sülhə hazır olmadığını göstərir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, səbəblər müxtəlifdir:
"İlk səbəb odur ki, rəsmi İrəvan hazırda Ermənistan maraqlarından deyil, öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Azərbaycnla-Ermənistan arsında gərginliyi fürsət kimi görən ayrı-ayrı dövlətlərin, güclərin maraqlarından çıxış edir. Ermənistanın müstəqil dövlət ola bilməməsi və müstəqil qərar etmək qabiliyyətində olmaması da sülh prossesini yubadır".
Konkret referendum tarixinə gəldikdə isə, politoloqun sözlərinə görə, Paşinyan kifayət qədər yaxşı anlayır ki, indiki dövrdə, yəni revanşist mövqenin üstünlük təşkil etdiyi bir zamanda referendum keçirmək və həmin referendumda da Konstitusiyadan və digər hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq faktiki olaraq mümkünsüzdür:
"Çünki Paşinyan hakimiyyəti bununla bağlı və ümumiyyətlə sülh sazişinin hamıdan çox Ermənistanın özünə lazım olması ilə bağlı maarifləndirmə işini demək olar ki, aparmır. Paşinyan özü bununla bağlı yalnız epizodik olaraq çıxış edir, son dövrlərdə isə bununla bağlı ümumiyyətlə danışmır".
Yusif Bağırzadə deyib ki, konstitusiyasında ölkəmizə qarşı ərazi iddaları olan bir dövlətlə sülh sazişini bağlamaq bizim tərəfimizdən yolverilməzdir:
"Çünki, bu halda həmin sülh sazişi kağız parçasından başqa bir şey olmayacaq. Düşünürəm ki, indiki halda ən optimal yol özündə Ermənistanın konkret müddətdə Konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı öhdəliklərin də əks olunduğu çərçivə sazişinin imzalanması ola bilər. Yekun sülh sazişi isə Ermənistanın müvafiq öhdəliyi icrasından sonra mümkün ola bilər".
Süleyman