Dünəndən Türkiyə mətbuatını izləyirəm və gördüklərim məni həqiqətən həm hiddətləndirdi, həm də kədərləndi. Son seçkilərdən sonra İmamoğlu və Kılıçdaroğlu arasındakı pərdəarxası gərginliyi hamımız bilirik. Bu gərginlik Əkrəm bəyin partiyada DƏYİŞİM adı altında başlatdığı çıxışları və hərəkatından sonra başladı. Bu hərəkatın sonunda isə Kamal bəy kreslonu itirdi. Ardından adını açıq-aşkar çəkməsədə media vasitəsilə İmamoğlunu xəyanətdə günahlandırdı. 2 gün öncə İmamoğlu ilə görüşdüklərinə dair xəbərlər yayılıb. Gördüyüm və anladığım qədəri ilə CHP partiyası halhazırda qaynayır. Və partiya rəhbərliyinin, üzvlərinin gündəmində TÜRKİYƏ yoxdur. Ölkənin yoxsulluq içində boğuşması, inflyasiyanın pik həddə çatması, dolların kosmosa uçuşu və s. bütün bunlar müxalifətin gündəmində yoxdur. Gündəmdə bəs nə var...? KRESLO.
Məqsədləri partiyadakı mövqələrini gücləndirmək, qorumaq və namizədliklərini necə qarantiya altına alacaqlarını düşünməkdir. Kamal bəyin son olaraq jurnalist Fatih Altaylı ilə konflikti (mən Fatih bəyin çıxışını izlədim və sonuna qədər haqq qazandırıram) həm yenidən gündəmdə olmaq və siyasətə dönmək istəyini göstərir. İmamoğlu isə ən başından bəri arzusunda olduğu Prezidentlik kreslosu üçün ittifaq axtarışındadır (Daha əvvəlki yazılarımda qeyd etmişdim ki, İmamoğlunun bu həvəsi onu, öz vəzifələrini görməyə əngəl törədir). Kamal bəy ilə görüşməsi məncə bu ittifaq axtarışının bir parçasıdır. Yayılan xəbərə görə Özgür bəy də Kamal bəy ilə görüşəcək. Kamal bəyin partiyadan getməsinə rəğmən hələ də aktiv olması nə CHP üçün, nədə ki Türkiyə üçün zənnimcə heç bir fayda gətirməz.
Əgər İmamoğlu və Kamal bəy arasında ittifaq olarsa, partiya daxilində yeni bir hərəkat başlaya bilər. Gündəmləri isə Türkiyənin iqtisadi durumu, insanların sosial ağır vəziyyəti deyil, özlərinə müxalif olan fiqurları təmizləmək və 4 il sonrakı seçimə qədər öz mövqelərini gücləndirmək olacaq. Lakin heç kim sual vermir ki, Türkiyə 4 il sonra hansı iqtisadi, sosial, siyasi vəziyyətdə olacaq..? Müxalifətin gündəmi bugünün məsələlərini önə çıxartmaq, iqtidarın bu çökmüş siyasəti ucbatından əziyyət çəkən əhaliyə öz plan və proyektləri ilə çıxış yolu önərməkdir. İnsanlara ölkəni doğru şəkildə idarə edə bilmə duyğusunu yaratmaq, keçmişi qaranlıq olmayan güclü kadrlar ilə partiyanın toplumdakı güvənini yüksəltmək lazımdır. Müxalifət önəmli həmlələr edərək iqtidara problemlər yaratmaq əvəzinə, Özgür Özəlin rentgen edilmiş ayağının şəklini müzakirə edir. Bir müxalifət liderinin haqqında çıxan dedi-qodu ilə bağlı sübut üçün ayağının rentgen şəklini yayımlaması "Mənim sözümə heç kim inanmır, ona görə özüm yayımlayıram" deməkdir ki, bu tip cılız addımların özü tamamilə biabırçılıqdır və müxalifətin hansı durumda olduğunun sübutudur.
Pərviz Əliyev, politoloq