Azərbaycanın regionda və dünyada nüfuzu, çəkisi getdikcə artır. Artıq rəsmi Bakı elə bir səviyyəyə gəlib çatıb ki, bir sıra regional problemlərin, münaqişələrin həllində vasitəçilik missiyası ilə çıxış edir. Bu günlərdə Prezident İlham Əliyev Gürcüstan-Rusiya və Ukrayna-Rusiya arasında vasitəçilik missiyasını həyata keçirilməsini istisna etməyib.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstan hökuməti Qərbdən uzaqlaşmaq siyasəti fonunda Rusiya ilə danışıqlara gedərək Abxaziya və Cənubi Osetiyaya nəzarəti təmin etmək üçün rəsmi Bakının imkanlarından istifadə edir:
"Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulundan sonra, Qərbin Gürcüstana siyasəti 360 dərəcə dəyişib. Rəsmi Tiflis bu əlaqələrin böhrana yuvarlanmasından narahat deyil.
Gələn ay keçiriləcək seçkilərdə "Gürcü Arzusu" partiyasi qələbə əldə etdikdən sonra, Abxaziya və Cənubi Osetiya ilə bağlı ciddi addımlar ata bilər. Xüsusilə, prezident İlham Əliyev Tiflis və Moskva arasında ortaq məxrəcə gəlməsində əsas vasitəçidir. Ötən ay Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərində Azərbaycanin bu məsələdə vasitəçi olması ilə bağlı məsələlərin müzakirəsi mümkün idi".
Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Gürcüstan ilə Rusiya arasında vasitəçilik missiyası həyata keçirəcəksə, Abxaziya və Cənubi Osetiyaya bağlı müsbət irəliləyişlər əldə oluna bilər:
"Təkcə, Gürcüstanla bağlı deyil, Ukrayna və Rusiya arasında prezident İlham Əliyev vasitəçi missiyasını həyata keçirir. Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski tatar əsirlərin qaytarılması istiqamətində Azərbaycanin vasitəçiliyindən istifadə edildiyini qeyd etdi.
Göründüyü kimi, Azərbaycanla Rusiya arasında normal əlaqələr Ukrayna və Gürcüstanla Rusiya arasında vasitəçilik missiyasını həyata keçirilməsinə gətirib çıxarır. Təbii ki, bu Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət və geosiyasi imkanları genişləndirir. Ukrayna və Rusiya arasında humanitar sahədə vasitəçilik missiyası növbəti mərhələdə siyasi vasitəçiliyə çevrilə bilər".
Süleyman