Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın hərbi təxribatları nəyə hesablanıb?: Genişmiqyaslı müharibə

Ermənistanın hərbi təxribatları nəyə hesablanıb?: Genişmiqyaslı müharibə


Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb".

Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı politoloq Kənan Novruzov deyib ki, Ermənistan son zamanlar hərbi təxribatlarını yenidən intensivləşdirib:

"Təxminən bir aydır ki, demək olar, hər gün Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Halbuki bir xeyli müddət provokasiyalar törədilmədi.

Sual yaranır: Ermənistan niyə məhz indi yenidən silaha əl atır? Bu təsadüfdürmü?. Fikrimizcə, yox.
Məsələ ondan ibarətdir ki, son zamanlar tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyiş əldə olunur. Bunun əsas səbəbi ikitərəfli təmasların intensivləşməsidir. Görünür, ikitərəfli təmaslar daha effektiv platformadır, nəinki üçüncü tərəflərin vasitəçiliyi".

Politoloqun qənaətincə, həm rəsmi Bakıdan, həm də İrəvandan verilən açıqlamalar onu deməyə əsas verir ki, sülh istiqamətində, doğrudan da, ciddi irəliləyiş əldə olunub:

"Bu, daha çox ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın siyasi iradəsi və diplomatik məharəti nəticəsində mümkün olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb. Bu, öz – özlüyündə müsbət hal olsa da, əslində hələ heç nə demək deyil. Hətta sülh sazişi mətni ilə bağlı 99 faiz razılıq əldə olunsa da, əgər 1 faizlik mübahisəli məsələ varsa, deməli, hələ daimi sabitlikdən söhbət gedə bilməz. Həmçinin mətnin 100 faiz razılaşdırılması da hələ o demək deyil ki, sülh sazişi imzalanır. Çünki sülh sazişinin imzalanmasına mane olan konkret məqamlar var".

Politoloq hesab edir ki, bunlardan ən başlıcası Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır:

"Rəsmi Bakının tələblərinə uyğun olaraq rəsmi İrəvan müvafiq konstitusiya dəyişikliyinə getmədikcə sülh sazişi imzalanmayacaq. Və görünən odur ki, Ermənistan hakimiyyəti hələ ki, bu barədə düşünmür.

Üstəgəl, Ermənistan hərbi sabotajlardan əl çəkmir. Düşünmək olar ki, Azərbaycan mövqelərinin atəşə tutulması Ermənistan hakimiyyətinin deyil, ona dəstək verən havadarlarının iradəsi ilə bağlıdır. Belə ki, Qərb, xüsusilə ABŞ və Fransa bölgədə sülh istəmir. Çünki mümkün sülh onların regiona müdaxiləsinin qarşısının alınması deməkdir.

Elə bununla bağlıdır ki, Qərb dövlətləri bütün imkanları ilə regionda “suları bulandırmağa” çalışırlar. Bunun üçün isə regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər. Düstur sadədir: Ermənistan əvvəlcə silahlandırılır, sonra isə provokativ addımlara təhrik edilir".

Anar Əliyev
Xəbəri paylaş