Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda siyasi partiyalar seqmentində istefa mədəniyyəti oturuşmalıdır

Azərbaycanda siyasi partiyalar seqmentində istefa mədəniyyəti oturuşmalıdır


Bu həftə ölkə siyasətində baş verən iki mühüm hadisə gündəm müzakirələrinin əsas mövzularına çevrildi. Söhbət tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun Müsavat Partiyasının üzvlüyündən və REAL partiyasının sədri İlqar Məmmədovun tutduğu kürsüdən istefa verməsindən gedir. Hər iki şəxs ölkəmizin ictimai-siyasi mühitində kifayət qədər aktiv fiqur olduğuna görə onların istefasının geniş rezonans doğurması da təbiidir. Lakin Novella xanımla İlqar bəyin istefalarına (daha doğrusu, istefa səbəblərinə) eyni rakursdan yanaşmağımız qətiyyən düzgün olmazdı.

İlqar Məmmədov 1 sentyabr növbədənkənar parlament seçkilərində məğlubiyyətlə üzləşdiyinə görə partiya sədrliyindən istefa verdi və bu baxımdan onun istefa qərarı bir çoxlarımız üçün heç də gözlənilməz olmadı. Hər hansı bir partiya sədri bu və ya digər səbəblərdən öz partiyasına siyasi uğur qazandıra bilmirsə, onun partiya sədrliyindən könüllü surətdə imtina etməsi zərurətə çevrilir. İlqar Məmmədov da realist mövqe sərgiləyərək REAL sədrliyindən öz xoşuyla getdi. Yəni ki, onu kimsə istefaya məcbur etmədi, qısnamadı. Zatən İlqar Məmmədov seçkilər ərəfəsində verdiyi açıqlamalardan birində öncədən bəyan etmişdi ki, seçkilərdə qalib gəlməyəcəyi təqdirdə partiya sədrliyindən gedəcək. Sivil ölkələrdə buna istefa mədəniyyəti deyilir.

Azərbaycanda da siyasi partiyalar seqmentində istefa mədəniyyəti oturuşmalıdır. Bələdiyyə, parlament, prezident seçkilərində illərdir heç bir uğur qazana bilməyən partiyaların sədrləri istefa verməyi, siyasətdən vaxtında çəkilməyi bacarmalıdırlar. Bu, həmçinin son illərdə davamlı olaraq bütün seçkilərdə “boykot” taktikasına üstünlük verən, öz uğursuzluğunu bu yolla ört-basdır edən AXCP sədri Əli Kərimliyə də aiddir. 25 ildir partiyadaşlarını müxalifət “qatar”ında öz ardınca daşıyan, lakin onları uğur ünvanına çatdıra bilməyən və necə deyərlər, müxalifətdə qocalan Əli Kərimli sədrlik postunu öz monopoliyasına keçirib və alternativsizlik prinsipi ilə yoluna davam edir. Əli Kərimli AXCP sədrliyinə özündən başqa heç kimin alternativliyini qəbul etmir və hətta qurultaylarda da onun partiya sədrliyinə namizədliyi bir qayda olaraq alternativsiz gerçəkləşir. Başqa sözlə desək, Əli Kərimli özünü sıravi cəbhəçilərin “büt”ünə çevirib. Bütlər isə heç vaxt istefa vermirlər. Lakin İlqar Məmmədovun istefa nümunəsi Əli Kərmlinin “büt”lük erasına son qoya bilər. AXCP-nin ciddi rəqiblərindən biri sayılan REAL-ın sədri könüllü istefa verirsə, bu Əli Kərimliyə də ciddi siqnaldır.

O ki qaldı Novella Cəfəroğlunun istefasına, biz bu istefanın könüllülüyündən danışa bilmərik. Çünki Novella xanım bu qərarı könüllü verməyib. Müsavatçılar Novella Cəfəroğlunu partiyadan istefa verməyə məcbur etdilər. Sirr deyil ki, Novella xanım seçkilərlə bağlı mövqeyinə görə bu qərara vadar edilib. Novella Cəfəroğlunun növbədənkənar parlament seçkilərinin şəffaf keçirildiyini bildirməsi Müsavat rəhbərliyinin xoşuna gəlməmişdi. Ona görə də Müsavat Partiyasının təmsiçiləri N.Cəfəroğlunun mövqeyinin partiyanın mövqeyini əks etdirmədiyini bəyan etdilər. Bunun dalınca isə onlar sosial şəbəkələr üzərindən Novella xanımı linç etməyə və onun istefasını tələb etməyə başladılar. İsa Qəmbər və Arif Hacılı isə bu linçləmənin qarşısını almaq üçün heçnə etmədilər. Bu da Müsavat Partiyasının mənəvi-siyasi deqradasiyaya uğradığını göstərir.

Müsavat Partiyası Novella Cəfəroğlu kimi tanınmış ictimai xadimin, fəal hüquq müdafiəçisinin partiyadan uzaqlaşdırılması xəttini seçməklə demokratiyadan, fikir plüralizmindən uzaq bir təşkilat olduğunu nümayiş etdirdi. Novella xanımın fərqli mövqeyinə, fərqli yanaşmasına qarşı siyasi dözümsüzlük Müsavat Partiyasında daxili demokratiyanın olmadığını üzə çıxardı. Və nəticə etibarilə, bu epizodda itirən tərəf Novella xanım yox, Müsavat Partiyası oldu. Novella Cəfəroğluna verilən geniş ictimai dəstək də bunu göstərir. Müsavatçılar bu acı həqiqəti sonradan dərk edəcəklər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş