Dil normalarının qorunması üçün KİV nümayəndələri daimi olaraq maarifləndirilməlidir
KİV-də Azərbaycan ədəbi dilinin qorunması günün aktual məsələlərindəndir. Bu baxımdan mətbuatda ədəbi dilin qorunması və mövcud problemlərin aradan qaldırılması işi elə yenə də KİV nümayəndələrinin üzərinə düşür. Əlbəttə ki, bununla bağlı dilçilik sahəsində tanınmış alimlərin, kütləvi informasiya vasitələri rəhbərlərinin iştirak ilə ictimai müzakirələrin, dəyirmi masaların da keçirilməsi önəmlidir. Lakin əsas məsələ media cameəsinin praktik iş rejimində öz yazılarında ədəbi dilin normlarına riayət etmələridir. Ümumiyyətlə, dil probleminə kompleks yanaşılmalıdır. Bununla bağlı dövlət tərəfindən bütün lazımi addımlar atılır. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2013-ci il 9 aprel tarixli Sərəncamının mühüm əhəmiyyəti var. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin bu sənədi təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bu gün mediada çalışanlar bu proqrama xüsusi önəm verməlidirlər. Çünki bu dövlət proqramı həm də mediada ədəbi dilin qorunmasına çağırışdır.
Mətbuat Şurasının İdarə Heyətinə üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin fikrincə, Prezidentin fəaliyyətində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinə ciddi önəm verilir: “Prezident, sistemli şəkildə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi üçün sərəncamlar imzalayır. Bu yöndə ən təkmil sənəd olaraq 2013-cü ildə imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsini göstərə bilərik. Bu sənədi imzalamaqla, Prezident İlham Əliyev dilimizin qorunması və inkişaf etdirilməsi yönündə yol xəritəsini təsdiqləmiş oldu. Həmin sənəddə dilin inkişafı və qorunması qarşısında mövcud olan problemlər göstərilməklə, həm də dilin qorunmasına məsul olan dövlət qurumlarının, vəzifəli şəxslərin ünvanı göstərilir”.
O deyib ki, Mətbuat Şurası tərəfindən də mediada vəziyyətlə bağlı monitorinqlər keçirilir: “Mətbuat dedikdə təkcə çap deyil, bütün mətbuat, eləcə də müasir vasitələri də nəzərdə tuturuq. Elektron, sosial mediaya baxanda klassik mediada vəziyyətin yaxşı olduğunu görmək mümkündür”.
M. Ələsgərli onu da qeyd edib ki, informasiyanı tez çatdırmaq xatirinə dil normalarını korlamaq olmaz: “Problemi qabartmaqda məqsədimiz bu kimi halların aradan qaldırılmasına nail olmaqdır. Ən çox şou verilişlərində dil normalarının pozulmasına rast gəlinir. Dilimizə problemli deməyək. Ola bilsin ki, nəyisə zamana düzgün uyğunlaşdırmamışıq. Onları tapıb aradan qaldırmaq lazımdır”.
Müşfiq Ələsgərli KİV-də dilimizin və ədəbi dil normalarının qorunması ilə bağlı daimi olaraq müzakirələrin edildiyini vurğulayıb: “Dil normalarının qorunmasında dövlətin rolu ilə yanaşı, hər bir vətəndaşın üzərinə düşən missiya da önəmlidir. Təbii ki, zaman-zaman müəyyən problemlərlə də rastlaşırıq. KİV-lər cəmiyyətə informasiya çatdırmaqla yanaşı, maarifləndirici və təsiredici bir vasitədir. Biz nəzərə almalıyıq ki, medianı təkcə ziyalı və nisbətən yaşlı nəsil yox, gənclər, yeniyetmələr də oxuyur. Hansısa bir internet saytında ədəbi dilimizin normaları, dilimizin düzgün yazılış qaydaları pozulursa, həmin söz onların beyninə elə o cür də həkk olunur. Bu isə gələcəkdə dilimizin korlanması və öz mahiyyətini itirməsinə rəvac verə bilər. Ona görə də ölkə qanunvericiliyində, jurnalistlərin peşə kodeksində və media ilə bağlı qanunvericilikdə bu məsələyə xüsusi diqqət yetirilir. İstənilən halda kütləvi informasiya vasitələrində ədəbi dil normaları qorunmalıdır, daha doğrusu, dilimizi qorumaq medianın borcudur. Düzdür, bu sahədə ciddi nailiyyətlərimiz var, amma yenə də müəyyən problemlərin olması səbəbindən məsələ daimi olaraq gündəmdə saxlanılır”.
Dilə gərəkli səviyyədə yiyələnməyən, onun leksik lüğəti və orfoqrafiyasına nabələd olan və yaxud dilin qaydalarına etinasız yanaşan KİV nümayəndələri daimi olaraq maarifləndirilməlidir. Bununla yanaşı, Azərbaycan dilinin azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından jurnalistlərin ədəbi dilin normalarına ciddi surətdə əməl etməsi, onların ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması dövrün tələbi olaraq qalır. Çünki bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb.
Cavid Şahverdiyev
Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.