Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Cəfər Cabbarlı ilə bağlı nəşrlərin təqdimat mərasimi keçirilib

Bakıda Cəfər Cabbarlı ilə bağlı nəşrlərin təqdimat mərasimi keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı- ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq 25 sentyabr 2024-cü il tarixində Bakı şəhərində, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının klassiki, dahi dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əsərləri” adlı kitabın, eləcə də sənətkarın həyat və yaradıcılığı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabçanın təqdimat mərasimi keçirilib.

Cəfər Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşlarında şeirlə başlasa da sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirmişdir.Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr janrlarından bacarıqla istifadə etmiş, eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi tanınmışdır.

Kitaba yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi “Ulduz” və ya “Trablis müharibəsi” (1917) pyesləri, eləcə də bir sıra hekayələri daxil edilmişdir. Digər kitabçada isə oxucular ədibin həyatının önəmli məqamları, eləcə də yaradıcılığının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sıra ziddiyyətli, tarixi anları ilə tanış olacaqlar.

Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, C.Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirlərləri- filologiya üzrə elmlər doktoru Asif Rüstəmli, filologiya üzrə elmlər doktoru Tahirə Məmməd, filologiya üzrə elmlər doktoru Gülər Abdullabəyova, həmin institutun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, yazıçı-publisist Nəzakət Əhmədova və digər ziyalılar dahi yazıçının həyat və yaradıcılığı, eləcə də yenicə işıq üzü görən kitablar haqqında əhatəli çıxışlar etdilər.
Xəbəri paylaş