Geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyildir, həm də əxlaqın qiymətləndirilməsi kimi mürəkkəb problemi kompleks deyil, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir.
Əvvəla, geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərd islam hüququnda əxlaqsız deyil, asi (Allahın qaydalarını pozan, günahkar) kimi tövsif edilir. Üstəlik, geyiminə görə bir qadına əxlaqsız demək onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq (qəzf əl-mühsənat) mənasına gəlir. Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan (kəbairü mubiqat) sayılır. Müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək islam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır.
İslam mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər`i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir.
O ki qaldı, əxlaqi kimliyin qiymətləndirilməsinə, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşma tələb edir. Geyim tək bir parametrdir, odur ki birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti...) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır. Fikrimizcə, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır. Üstəlik, geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir.
Geyim nə əxlaqın, nə də əxlaqsızlığın birbaşa (birbaşa!) göstəricisi deyildir! Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir.
P.S. Statusda əxlaqsız həyat sürməyi hər kəsə məlum fərdlərin geyim-keçimi müzakirə olunmur. Söhbət tanımadığımız fərdləri geyiminə görə əxlaqsızlıqda ittiham etməkdən gedir.
Elvusal Məmmədov