
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli şəxslərin Türkiyədəki statusu haqqında yeni sərəncam imzalayıb.
Yeni sərəncama əsasən, artıq türk soylu əcnəbilər — yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım və Qaqauz icmalarına mənsub şəxslər Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.
Onlar həm dövlət, həm də özəl müəssisələrdə daha asanlıqla işləmək imkanı əldə edəcəklər. Bu qərar 2527 saylı Qanun çərçivəsində qəbul edilib və türk soylular üçün iş icazəsi prosedurlarını xeyli sadələşdirir. Artıq türk soylular “əcnəbi” sayılmayacaq, öz vətənlərində olduğu kimi, Türkiyədə yaşaya və işləyə biləcəklər.
Bəs bu qərarı türk dövlətlərinin birliyi baxımından necə dəyərləndirmək olar?
Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin TodayPress TV-yə açıqlamasında bildirib ki, bir neçə gün öncə qüvvəyə minmiş bu qərar ümumilikdə çox müsbət qiymətləndirilə bilər:
“Bütün türk soylu xalqlar öz ölkələri ilə yanaşı, Türkiyəni də hər zaman ikinci vətənləri hesab ediblər. Türkiyə daxilində türk soylulara qarşı yad kimi davranılması mənəvi baxımdan hər birimizi üzən hal olub. Lakin səbəb yalnız bu deyil. Məncə, bu qərar həm də Türkiyə daxilində türk genofondunun üstünlüyünü təmin etmək və milli identiteti sağlam saxlamaq baxımından olduqca vacibdir.
Osmanlı dövründə də buna bənzər qərarlara rast gəlinirdi. Sərəncamın bəndlərindən biri türk soyluların vətəndaşı olduqları ölkədə məcburi səbəblərlə peşəsini icra edə bilməyən və ya əsas əhalidən fərqli etnik və mədəni kimliyə görə sıxışdırılan təbəqələrin himayəsini nəzərdə tutur.
Bu gün Rusiya, Çin, İran kimi ölkələrdə yaşayan türk soylular var ki, məhz etnik mənsubiyyətlərinə görə müxtəlif təzyiqlərlə üzləşirlər. Belə insanlar üçün Türkiyənin ümid yeri olması, onlara qucaq açması alqışlanmalıdır. Tarixə nəzər salsaq, görərik ki, ötən əsrin əvvəllərində də həmin coğrafiyalardan köçmək məcburiyyətində qalan türk icmalarının ziyalıları Osmanlıya pənah aparıb, daha sonra isə Türkiyə Cümhuriyyətinin qurulmasında mühüm rol oynayıblar".
İlqar İlkin əlavə edib ki, Azərbaycanda da “Soydaşlar haqqında” qanun qəbul edilə bilər:
“Belə bir qanunun vacibliyi zaman-zaman gündəmə gətirilib. Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatında ən fəal və təsir gücünə malik ölkələrdən biridir. Biz də eyni məzmunda bir qərar qəbul edə bilərik. Dünyada 50 milyondan çox soydaşımız yaşayır və onlar harada olmaqlarından asılı olmayaraq, Azərbaycanı öz əsas vətəni sayırlar. Eyni sözləri bütün türk soylu icmalara da şamil etmək mümkündür. Bu kimi qərarlar türk dövlətlərinin təbii inteqrasiyasında əvəzsiz rol oynaya bilər".