Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi keçirilib

İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi keçirilib




Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, mərasimdə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq görüşü açaraq, Azərbaycan və Türkiyə parlament sədrlərini salamlayıb.

O, parlament platformasının ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır.

O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışında görüşün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Pakistan tərəfinə təşəkkürünü bildirib.

Parlamentlərimizin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Qeyd edilib ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib. Cari ilin may ayında Pakistan və Hindistan arasında gərginlik zamanı Azərbaycan ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə edib. Ölkəmiz Kəşmir məsələsinin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini hər zaman dəstəkləyib və bunu bütün beynəlxalq platformalarda səsləndirib.

Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə keçirilmiş Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşündən artıq 4 il ötdüyünü, 2021-ci ildə Bakıda parlamentlərimiz arasında bu üçtərəfli əməkdaşlıq mexanizminin yaradıldığını xatırladan Sahibə Qafarova vurğulayıb ki, həmin Görüş yalnız bu yeni mexanizmi təsbit edən Bakı Bəyannaməsinin qəbulu ilə deyil, həm də Azərbaycanın mədəniyyət paytaxtı - işğaldan azad edilmiş Şuşa şəhərinə səfərlə də əlamətdar olmuşdur.
O, 2022-ci ildə Türkiyə Böyük Millət Məclisinin evsahibliyi ilə İstanbul şəhərində İkinci Üçtərəfli Görüşün də əhəmiyyətli müzakirələrlə və İstanbul Bəyannaməsinin qəbulu ilə yadda qaldığını qeyd edərək, bu gün isə İslamabad şəhərində Üçüncü Üçtərəfli Görüşün keçirildiyini, artıq bu platformanın parlamentlərimiz arasında uğurlu və davamlı əməkdaşlıq platforması kimi formalaşdığını, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə verdiyini söyləyib.

Onun sözlərinə görə, qanunvericilik orqanlarımızın Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı, Asiya Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatları çərçivəsində davamlı təması, qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətimiz və bir-birimizə dəstəyimiz də məmnunluq doğurur. Spiker deyib ki, vacib platformalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. Sahibə Qafarova, Pakistan Milli Assambleyası və Senatının Şəbəkənin üzvü, Türkiyə Böyük Millət Məclisinin isə xüsusi qonaq qismində təşkilatın işini fəal şəkildə dəstəklədiklərinə görə onlara təşəkkür edib.

Spiker qeyd edib ki, bu gün ölkələrimizin beynəlxalq səviyyədə nümayiş etdirdikləri güclü birlik və həmrəylik yalnız onların qardaşlığının, ortaq maraqlarının ifadəsi deyil. Bu, eyni zamanda, beynəlxalq hüququn, haqq və ədalət prinsiplərinin mütləqliyinə əsaslanan yanaşmadır. Onun sözlərinə görə, bu, əslində, beynəlxalq aləmə də bir çağırışdır. Məhz belə yanaşma beynəlxalq ictimaiyyəti sülh, təhlükəsizlik və tərəqqi üzərində qurulacaq daha parlaq gələcək naminə qarşılıqlı hörmət əsasında birgə fəaliyyətin gücləndirilməsinə səsləyir.

Çıxışında spiker Sahibə Qafarova vurğulayıb ki, sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir. 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir.

O xatırladıb ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən iyirmi faizi otuz il ərzində Ermənistanın işğalı altında idi. Bu otuz il ərzində yüzlərlə şəhər və kəndlərimiz, tarixi, dini və mədəni abidələrimiz darmadağın edildi, bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı. ATƏT-in Minsk Qrupu adlandırılan vasitəçilər isə beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edə bilmədilər.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin layihəsini irəli sürdü.
Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edildi.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, Vaşinqton görüşünün əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək. Milli Məclisin sədri, bütün bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.

Spikerin bildirdiyinə görə, qeyd edilən proseslər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığı müşahidə olunur. Ötən dövr ərzində Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində ardıcıl şəkildə inkişafının şahidi olduq.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan və Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin 2024-cü ilin iyulunda Astanadakı üçtərəfli görüşü və xüsusən bu ilin mayında Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərindəki Üçtərəfli Zirvə Görüşü isə bu mexanizmi daha da zənginləşdirdi və keyfiyyətcə yeni bir mərhələyə qaldırdı. Həmin görüşlərdə qardaş ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da gücləndirilməsi, üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi iradəsi ortaya qoyuldu. Sahibə Qafarova qeyd edib ki, liderlərimizin bu iradəsindən irəli gələrək, Parlament Sədrləri səviyyəsində bu gün keçirilən Üçtərəfli Görüş də ölkələrimizin işbirliyinə parlament dəstəyini gücləndirmək qətiyyətimizin bir ifadəsidir. O, belə bir inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu məqsədə nail olacaqlar.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş tədbir iştirakçılarını salamlayaraq görüşün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

O, beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Numan Kurtulmuş qeyd edib ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qeyd edilib ki, qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.

Çıxışında terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunan Numan Kurtulmuş deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.

O, öz çıxışında Azərbaycan və Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunan nailiyyətlər münasibətilə ölkəmizi və xalqımızı təbrik edib.

Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq, müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.

Süleyman
Xəbəri paylaş