Bütün təzyiqlərə, ayrı-ayrı Qərb dairələrinin riyakarlığına baxmayaraq COP29 uğurla başa çatdı. Ölkəmiz COP29-a yüksək səviyyəli ev sahibliyi etməklə adını tarixə yazdı. İstər təşkilatçılıq baxımından, istər təhlükəsizliyin ən üst səviyyədə təmin olunması baxımından, istərsə də iştirakçılıq baxımından COP29 bir sıra COP tədbirlərini geridə qoydu.
198 tərəfdaş ölkədən 197-nin nümayənələrinin iştirakı, 80 dən artıq dövlətin Prezident, vitse Prezident, Baş nazir səviyyəsində tədbirə qatılması, 76 mindən çox nümayəndənin qeydiyyatdan keçməsi bunun bariz sübutudur.
Ən önəmlisi isə COP29 əldə olunan nəticələrə görə də tarixi tədbir oldu, Belə ki, 10 ildir ki, bütün COP-larda müzakirə olunan, amma ortaq nəticəyə gəlinməyən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı nəhayət ki, razılşama əldə edildi. Bununla da karbon bazarlarını tənzimləyən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı on illik danışıqlar başa çatdı.
COP29 konfransında qəbul edilən yeni maliyyə hədəfi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi baxımından tarixi bir qərardır. Bu hədəfə əsasən, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq. «Bakı maliyyələşdirmə məqsədləri» (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması həqqətən də böyük sıçrayışdır. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur. Yəni tam məsuliyyəti ilə demək olar ki, COP29-da 300 mlrd. dollar maliyyə hədəfi, həqiqətən, tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradır.
Daha bir uğur «İtki və Zərər» fondunun fəaliyyətə başlaması ilə bağlıdır. COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır və bu vəsait 2025-ci ildən etibarən layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.
Ən əsası isə COP29 qlobal iqlim dəyişikliklərlə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər saldı. Azərbaycanın COP29-a hədəflərdən biri də elə bu idi. ABŞ və ümumilikdə bir sıra Qərb dairələrinin COP29-a mane olmağa çalışmasına baxmayaraq Azərbaycan beynəlxalq səhnədə artan nüfuzunu bir daha təsdiqləyərək, ölkənin strateji əhəmiyyətini daha da gücləndirdi.
Yusif Bağırzadə, politoloq