Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ölkəmizin elmi inkişafında mühüm rol oynayan bir təhsil ocağıdır. Bu gün universitetin akademik heyəti, elmi tədqiqatlar və innovativ layihələrlə yalnız Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə tanınan mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislərdən biri də uzun illər boyunca elmi fəaliyyətini yüksək səviyyədə davam etdirən və informatika, kibernetika sahələrində önəmli nailiyyətlər əldə etmiş akademik Telman Əliyevdir.
Akademik Telman Əliyev, AzMİU-nun İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının müdiri, texnika elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvüdür. O, həmçinin informatikanın inkişafında və elmi tədqiqatlarda göstərdiyi xidmətlərlə Azərbaycan elminə böyük töhfələr vermişdir. Bu müsahibə vasitəsilə akademik Telman Əliyevin elmi fəaliyyətini, Azərbaycanda informatika və idarəetmə sistemlərinin inkişafına verdiyi töhfələri və AzMİU-nun elmi-texniki inkişafındakı rolunu daha yaxından öyrənməyə çalışacağıq.
Öncəliklə, müsahibəyə zaman ayırdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Siz Azərbaycan kibernetikasının başlanğıcından indiyə qədər bu sahənin inkişafına şahidlik edirsiniz. Xahiş edirəm, Azərbaycan kibernetikasının tarixi barədə məlumat verəsiniz. Necə formalaşdı, necə yarandı?
- Azərbaycan kibernetikasının tarixi 1955-1956-cı illərdə başladı. Hesablama Mərkəzinin yaradılması da həmin illərə təsadüf edir. Bu mərkəz görkəmli alim, professor Səid Ələsgərov tərəfindən təsis edildi. Səid müəllim çox böyük elm adamı idi. O, 1958-ci ildə məni Hesablama Mərkəzinə dəvət etdi və həmin ildən bu sahədə çalışmağa başladım. Mənim gəlişimdən iki il sonra, 1960-cı ildə institutun indiki binasında Hesablama Mərkəzinin rəsmi açılışı oldu. Ona qədər, təxminən 5 il müddətində mərkəz yalnız bir şöbə kimi fəaliyyət göstərirdi.
“Ural-1” və “BESM-2” ilə başlayan uzun, keçməkeşli, lakin qürurlu yol
1960-cı ildə mərkəzin rəsmi açılışı zamanı iki elektron maşınımız var idi: “Ural-1” və “BESM-2”. “Ural-1” zəif bir maşın idi, saniyədə cəmi 100 əməliyyat yerinə yetirə bilirdi. Bu, çox məhdud imkanlı cihaz idi və proqram yükləmək prosesi də olduqca mürəkkəb idi. Digər tərəfdən, “BESM-2” daha güclü idi, saniyədə 2000 əməliyyat yerinə yetirirdi. O dövr üçün bu, yaxşı göstərici sayılırdı. Sizə deyim ki, o vaxt Amerika Birləşmiş Ştatlarında və bu kimi digər qabaqcıl ölkələrdə də oxşar səviyyəli maşınlardan istifadə olunurdu.
SSRİ Nazirlər Kabinetinin qərarına əsasən “BESM-2”nin Hesablama Mərkəzinə gətirilməsi ilə mərkəz rəsmi fəaliyyətə başladı və komandaya rəhbərlik mənə tapşırıldı. Beləliklə, Azərbaycanda kibernetikanın inkişaf tarixinə qədəm qoyuldu.
Kibernetikanın tarixinə nəzər saldıq. Maraqlıdır, Azərbaycanda informatika elmi hansı yolları keçib?
- Azərbaycanda informatika elminin səviyyəsi yüksəkdir. Burada ulu öndər Heydər Əliyevin rolunu xüsusilə qeyd etmək lazımdır. 1969-cu ildə bizim institut bu sahədə nisbətən geri qalırdı. Biz Heydər Əliyevə müraciət etdik və “BESM-6” maşınına ehtiyacımız olduğunu bildirdik. Bu maşın o zaman ən sürətli maşın sayılırdı. Heydər Əliyev SSRİ Elmlər Akademiyasının prezidenti akademik M. Keldışı Azərbaycana dəvət etdi və onunla Dzerjinski (indiki Şəhriyar adına Mədəniyyət Sarayı) sarayında çox yüksək səviyyədə görüş keçirdi. Heydər Əliyev şəxsən özü ölkəmizin və institutumuzun problemlərini ətraflı şəkildə təqdim edərək, bütün məsələlərə aydınlıq gətirdi və nəticədə “BESM-6” maşınının ölkəyə gətirilməsinə nail oldu.
SSRİ Elmlər Akademiyasında çox hörmətli bir şəxsiyyət German Nikolayeviç Moskvada bu sahə ilə məşğul olan əsas mütəxəssis idi. O, mənə dedi ki, “Siz akademiyanın prezidentinə nə etmisiniz ki, o bu işi dərhal yerinə yetirməyi tapşırıb”. Bunun nəticəsində biz həm “BESM-6” maşınını, həm də digər çox əhəmiyyətli avadanlıqları əldə etdik. Heydər Əliyevin ölkəmizə xidmətləri saymaqla bitməz.
Həmin dövrlərdə həm Bakıda, həm də regionlarda inkişaf başlanmışdı. Bu illərdə Azərbaycanda sənayenin tələbatına uyğun informatika-elektronika sahəsinin əsası qoyuldu və sürətli inkişaf başlandı. Ulu öndər Heydər Əliyev bu sahənin perspektivini çox gözəl başa düşürdü. Onunla bu mövzuda danışarkən, hamımız hiss edirdik ki, o, bu sahəni bizdən daha yaxşı anlayır. O, çox məlumatlı və hazırlıqlı şəxsiyyət idi. Allah Ulu Öndərə rəhmət eləsin. Həmin dövrdə Bakıda “Ozon”, “Ulduz” kimi elm-istehsalat birlikləri yaradıldı. Bundan başqa, “EVM” zavodu tikildi. Radiozavodda terminalların istehsalına başlanıldı. Gəncədə çox böyük istehsalat birliyi “Billur” yaradıldı. Hətta Tərtərdə lokator antenası, Goranboyun Qazanbulaq qəsəbəsində optik cihazlar istehsal olunmağa başlandı. Nazirliklərin hamsında Hesablama Mərkəzləri yaradıldı. Əgər onun bu diqqəti olmasaydı, Moskva bizi bu sahədən uzaq tutacaq və informatika elminin formalaşması çox gecikəcəkdi.
Beləliklə, bu sahənin əsası ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuş və İlham Əliyevin hakimiyyətə gəlişi ilə daha da diqqətə alınmışdır. Mənim fikrimcə, biz bu sahədə qabaqcıl ölkələrdən biriyik. Ümumiyyətlə, bu sahə çox önəmlidir. Əgər ölkə bu sahədə geri qalsaydı, digər bütün sahələrdə də geri qalacaqdı.
Hazırda, Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına və tətbiqinə xüsusi diqqət ayırmalıdır. Bu texnologiya böyük imkanlara malikdir və onun tətbiqi ilə biz böyük nailiyyətlər əldə edə bilərik. Təhsildə xüsusilə süni intellektin imkanlarından istifadə etməli və tələbələrə bu sahəni yaxşı tədris etməliyik. Bu sahənin günümüzdə çox böyük əhəmiyyəti var. Azərbaycanda bizim maraqlı olan sahələr – neftayırma, kənd təsərrüfatı, tikinti, energetika, yüngül sənaye və digər sahələri – intellektual informasiya texnologiya və sistemlərinin tətbiqilə müasirləşdirmək və təkmilləşdirmək əsas hədəflərimizdəndir. Əgər biz bu addımları atmasaq, irəliləyiş əldə etdiyimiz sahələrdə geridə qala bilərik. Problem tələbənin öz yanaşmasından qaynaqlanır
Siz, həmçinin hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “İnformasiya Texnologiyaları və Sistemləri” kafedrasının müdirisiniz. Bir az əvvəl professor Səid Ələsgərovun Sizi instituta dəvət etməsini iftixarla xatırladınız. Maraqlıdır, Siz də tələbələrinizi işə cəlb edirsinizmi?
- Əvvəlcə qeyd edim ki, mənim hazırkı əsas fəaliyyətim AzMİU-nun İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının müdiri olmaqdır. Bir neçə ildir ki, öz xahişimlə İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunun direktoru vəzifəsindən ayrılmışam.
Sizin dediyiniz məsələyə gəldikdə isə, bu çox önəmli bir mövzudur. Kafedramızda apardığımız müşahidələr göstərir ki, əgər tələbələr dərslərini yaxşı mənimsəyirlərsə, yüksək qiymətlər alırlarsa və fənnləri kifayət qədər dərindən öyrənirlərsə, onların böyük əksəriyyəti çox maraqlı və perspektivli işlə təmin olunurlar. Onların bir qismini biz kafedraya işə götürürük. Yəni kafedramızda təhsil alan və yaxşı oxuyan tələbələr arasında işsiz qalan demək olar ki, yoxdur.
Ancaq əksinə, əgər tələbə zəif oxuyursa, tapşırıqları yerinə yetirmirsə və ixtisasına ciddi yanaşmırsa, onun iş tapması da çətinləşir. Belə vəziyyətdə problem tələbənin öz yanaşmasından qaynaqlanır. Biz mütəmadi olaraq tələbələrlə söhbətlər aparır, onların potensialını üzə çıxarmaq üçün müxtəlif istiqamətlərdə işlər görürük. Əlbəttə ki, layiqli tələbə gördükdə, onu dərhal öz komandamıza qatmağa çalışırıq.
Akademikdən ali təhsilin və elmin inkişafı üçün unikal formul - TEXNOPARK
Telman müəllim, tədrisin səviyyəsi və mövcud problemlər barədə nə deyə bilərsiniz? Kibernetika və avtomatika sahəsində tədrisin vəziyyəti sizi qane edirmi? Əsas çatışmazlıqlar nələrdir?
- Biz xaricdəki nüfuzlu universitetlərin tədris proqramları ilə yaxından tanış olmuşuq. Onların proqramlarını öyrənmiş və AzMİU-nun tədris proqramı ilə müqayisə etmişik. Demək olar ki, proqramlarımız tamamilə müasir səviyyədədir və həmin proqramla təhsil alan tələbələr yaxşı mütəxəssis ola bilərlər.
Nəzəri fənlər üzrə tədris səviyyəmiz kifayət qədər yaxşıdır. Dərslərimiz yüksək səviyyədə keçirilir və tələbələrin əksəriyyəti materialı yaxşı mənimsəyir. Lakin praktiki tədris tərəfimiz zəifdir. Laboratoriya işləri və kurs layihələri sahəsində çatışmazlıqlarımız var. Biz kafedrada bu mövzuda müzakirələr aparır və praktiki tədrisin səviyyəsini yüksəltmək üçün yollar axtarırıq.
Rektorumuz professor Gülçöhrə Məmmədova bu məsələdə bizə böyük dəstək göstərir. Onun özü tədqiqatçı alim olduğu üçün bu istiqamətdə bir çox maneələri aradan qaldırmağa kömək edir. Məsələn, laboratoriyalarımızın sayı artırılır, maddi-texniki baza gücləndirilir. Amma bu işlər, təbii ki, mövcud imkanlar çərçivəsində həyata keçirilir.
Xaricdə xüsusi laboratoriya korpusları, müasir avadanlıqlar qurulur və tələbələr nəzəriyyəni praktika ilə birləşdirə bilirlər. Bizdə isə zavodlar, sexlər və istehsalat yerləri azdır, mövcud müəssisələr də tələbələrin praktikasına maraq göstərmir. Əvvəllər kafedramızın müxtəlif müəssisələrdə beş filialı vardı və tələbələr praktiki bacarıqlarını orada inkişaf etdirirdi. İndi isə bu əlaqələr qaneedici deyil.
Universitetin özündə xüsusi laboratoriya korpusu olsa, hər bir fənn üzrə lazımi avadanlıqla təmin edilmiş laboratoriyalar qurulsa, tələbələr eksperiment aparmaq imkanı əldə edərlər. Həmçinin istehsalatla əlaqələr daha da gücləndirilməlidir. Əgər bu məsələlər həll olunsa və universitetlərə kifayət qədər maliyyə dəstəyi ayrılsa, çox böyük irəliləyiş əldə edə bilərik. Düşünürəm ki, hər ixtisas üzrə ayrıca laboratoriya və təcrübə sexləri yaratmaq vacibdir. Tələbələr nəzəriyyəni praktik olaraq tətbiq edə bilsə, təhsilimizin keyfiyyəti sürətlə yüksələr.
Aparıcı Qərb universitetlərində mövcud olan texnopark modelini necə qiymətləndirirsiniz? Sizcə, bu model Azərbaycan universitetlərində tətbiq oluna bilərmi?
- Bəli, tamamilə razıyam. Qərb universitetlərindəki texnopark modelinə uyğun strukturların bizim universitetlərdə də yaradılması çox faydalı olardı. Amma bu, yalnız formal xarakter daşımamalıdır, real fəaliyyətə əsaslanmalıdır. Əgər belə imkan yaradılsa, alimlər və tələbələr birgə işləyər, ideyalarını reallaşdıra və nəticələrini görmə şansı əldə edərlər.
Bu məsələ olduqca vacibdir və təhsilin səviyyəsinin yüksəldilməsi üçün prioritet olmalıdır. Universitetin bu istiqamətdə inkişafı həm tələbələrin praktiki biliklərinin artırılmasına, həm də elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə ciddi töhfə verə bilər.
Rəhbərlik etdiyiniz kafedra AzMİU-nun ən güclü kafedralarından biridir. Maraqlıdır, son illərdə hansı mühüm ixtiralar, layihələr və nəticələr əldə etmisiniz?
- İlk olaraq qeyd edim ki, cənab Prezidentin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının institutları Elm və Təhsil Nazirliyinə verildi. Bu qərarın əsas məqsədi elmi fəaliyyətin tədrislə birləşdirilməsidir və bu, olduqca aktual bir məsələdir.
Bizim institutla AzMİU arasında uzun illərdən bəri sıx əlaqələr mövcuddur, demək olar ki, biz birgə iki istiqamətdə elmi fəaliyyət göstəririk. Gələcəkdə bu əlaqələri daha da möhkəmləndirməyi və yeni layihələr üzərində birgə çalışmağı planlaşdırırıq. Artıq iki böyük layihə üzərində işə başlamışıq.
Birinci layihə, seysmakustik stansiyalar şəbəkəsinin yaradılmasıdır. Bu şəbəkə vasitəsilə eksperimentlərin aparılması və tələbələrin də bu sahədə praktik fəaliyyət göstərməsi mümkün olacaq. Bundan əlavə, türkdilli dövlətlərlə birgə ümumi bir seysmakustik şəbəkə qurmaq mümkün olacaq. Bu şəbəkə bizə seysmik proqnoz yox, seysmik xəbərdarlıq almaq imkanı verəcək. Layihə AzMİU-nun tanınmış professoru, nüfuzlu seysmologiya mütəxəssisi Azər Qasımzadə ilə birlikdə yerinə yetiriləcək və biz bu istiqamətdən çox əhəmiyyətli müsbət nəticələr gözləyirik.
İkinci layihəmiz isə Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə bağlıdır. Bu layihə qatarların təhlükəsizlik səviyyəsini artırmaq məqsədini daşıyır. Layihə çərçivəsində “Növbədənkənar nəzarət tələb edən dəmiryol sahələrini müəyyənləşdirən intellektual sistem”in yaradılmasını planlaşdırmışıq. Bu istiqamətdə işlər aparılır. Layihənin beynəlxalq maliyyə dəstəyi ilə həyata keçirilməsini təşkil etmək üçün Polşa, Özbəkistan və Gürcüstan alimləri ilə birgə əməkdaşlıq edəcəyik.
Bu iki layihə AzMİU ilə İdarəetmə Sistemləri İnstitutu arasında birgə aparılır. Həm elmi, həm də praktik baxımdan çox böyük perspektivlər vəd edir və universitetimizin səviyyəsini və imkanlarını göstərir.
Oxucularımız üçün də açıqlamanız maraqlı olardı. Əgər sirr deyilsə, kafedranın başqa gördüyü işlər barədə daha geniş məlumat verə bilərsinizmi?
- Təbii ki, bəzi detalları paylaşmaqda problem yoxdur. Hazırda bizim kafedranın gördüyü işlər çox genişdir və bu işlərdə tələbələrimiz də aktiv iştirak edir. Lakin iki mühüm nəticəni xüsusilə vurğulamaq istərdim.
Birincisi, adaptiv vibrasiya texnologiyalarıdır. Bildiyiniz kimi, vibrasiya texnologiyaları müxtəlif sahələrdə geniş tətbiq olunur. Ancaq mövcud texnologiyalar adaptiv deyil. Bizim kafedramız adaptiv vibrasiya texnologiyaları alqoritmi təklif edib. Bu texnologiyaların müəllifi bizik və bu, çox qürurverici bir nailiyyətdir.
Bilirsiniz, ənənəvi vibrasiya texnologiyaları qatarlarda sürət dəyişdikdə bunu nəzərə almır. Adaptiv vibrasiya texnologiyası isə daxil olan məlumatlar əsasında avtomatik şəkildə öz parametrlərini tənzimləyir ki, bu da nəticədə diaqnostikanın adekvatlığını təmin edir.
Bunlarla bağlı artıq nüfuzlu, inpakt faktorlu elmi jurnallarda məqalələrimiz dərc olunub. Bu məqalələr vasitəsilə elmi yeniliyin bizə aid olduğu artıq sübut olunur və həmçinin qəbul olunur.
Yəqin ki, digər elmi məqalələriniz də var. Bu ilki nəticələrinizdən razısınızmı?
- Bu il 11 məqalə çap etdirmişəm. Onlardan 5-ni mən plenar iclasda məruzə etmişəm. “Web of Science” bazasında 9 istinadım var, digər bazalarda isə 40-50 istinad mövcuddur. Ümumilikdə isə təxminən 90-a yaxın istinad edilmişdir. Elmi fəaliyyətimdən nə tamamilə razıyam, nə də narazı.
Hindistanda nüfuzlu bir beynəlxalq təşkilat var. Həmin təşkilatın mənə verdiyi məlumata (sertifikata) əsasən, bizim məqalə texnika üzrə ən çox oxunan məqalələrdən biri olub.
Həmin məqaləyə “Web of Science” bazasından da çoxlu rəylər gəlir və istinadlar edilir. Bu, bizim işlərimizin yüksək səviyyədə olduğunu göstərir. Elm adamı üçün bu çox böyük göstəricidir.
Akademik formulu: Əzm, dürüstlük və məsuliyyət!
Akademik kimi siz həm elmi layihələrinizlə, həm də şəxsi keyfiyyətlərinizlə tanınırsınız. Gənclərə yalnız elm haqqında deyil, həyatda uğurlu olmaq üçün hansı məsləhətlər verərdiniz?
- Məncə, həyatda uğur qazanmaq üçün üç əsas prinsip var: əzm, dürüstlük və məsuliyyət. İnsan öz işinə sevgi və məsuliyyətlə yanaşanda, istənilən çətinliyin öhdəsindən gələ bilər.
Gənclərə tövsiyəm budur ki, elm və texnologiya sahəsində çalışsalar belə, insani dəyərləri unutmasınlar. Cəsarətli olmaq, yeni yollar axtarmaq və eyni zamanda öz prinsiplərinə sadiq qalmaq çox vacibdir. Hər bir gənc tədqiqatçı bilməlidir ki, onların gördükləri iş təkcə özləri üçün deyil, cəmiyyət və gələcək nəsillər üçün də əhəmiyyətlidir.
Gələn il 50 illiyini qeyd etməyə hazırlaşan universitetimiz artıq müasir təhsil və elmi mərkəz olaraq özünü təsdiq edib. Arzu edirəm ki, bu inkişaf davam etsin və biz beynəlxalq səviyyədə də tanınmış bir elm mərkəzinə çevrilək. Xüsusilə, bizim kafedramızın bu inkişaf prosesində fəal iştirakı mənim üçün çox önəmlidir.
Düşünürəm ki, biz həm ölkənin iqtisadiyyatına, həm də beynəlxalq elmə töhfə verə bilərik. Gələcəkdə daha çox multidissiplinar layihələr həyata keçirilməlidir. Bu, yalnız universitetimizin deyil, bütövlükdə ölkəmizin inkişafını sürətləndirəcək.
Arzum odur ki, hər bir gənc alim öz potensialından tam istifadə edə bilsin və bizim ölkəmiz elm və texnologiya sahəsində yüksək səviyyəli bir liderə çevrilsin. Mən inanıram ki, biz bunu birlikdə bacaracağıq.
Müəllif: Nicat Abdullayev
Fotoqraf: Əhməd Hüsüzadə