
Azərbaycan Prezidentinin “ŞƏT plyus”a dəvət alması ölkəmizin nüfuzundan xəbər verir. Məlum olduğu kimi, dövlət başçımız bu toplantıya Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvətilə qatılıb. Azərbaycanla Çin arasında əməkdaşlıq elə ŞƏT çərçivəsində daha da yükəsk dinamik ailə inkişaf edib. Budəfəki səfər zamanı da Si Cinpin Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamladı. Son 30 ildən artıq dövrdə uğurlu əməkdaşlıq qura Bakı və Pekin bu illər ərzində münasibətləri hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə qaldırmağa nail olub. Bu da 30 ildən artıq müddətdir qurulan diplomatik münasibətlərin səmərəli nəticələr verdiyini təsdiqləyir.
“ŞƏT Plyus” formatında iclasda çıxışı zamanı dövlət başçımız da Azərbaycanı regionda Çinin etibarlı tərəfdaşı adlandırdı. Məlumdur ki, tərəflər 2 il əvvəl - 2023-cü il iyulun 3-də strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul edib. Həmin sənəddə də Bakı və Pekin beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməklə bağlı razılıq ifadə ediblər. Azərbaycan və Çin eyni zamanda mürəkkəb geosiyasi dünyada regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edir. Azərbaycan həm də ÇXR-nin Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünün ilk dəstəkçilərindən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktik layihələr həyata keçirməkdədir. Cənab Prezident bəyan etdi ki, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb.
Azərbaycan eyni zamanda Çinin təsisçisi olduğu Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Bu təşkilat çərçivəsində bir çox istiqamətlər üzrə, o cümlədən regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır. Pekin Azərbaycanın təşkilata üzvlük məsələsini dəstəkləyir. Lakin Hindistan bu dəfə də cılız siyasət nümayiş etdirərək prosesə mane oldu. Bu, Azərbaycanın Pakistanı dəstəklənməsinə cavab olaraq Dehli tərəfindən atılan qərəzli addımdır. Lakin cənab Prezident bəyan etdi ki, bu, bizim dost Pakistana olan münasibətimizi dəyişə bilməz.
Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda ŞƏT yaranan risklərə və böhranlara davamlı olan ticarət-iqtisadi əməkdaşlığın ən effektiv modelinin axtarışını davam etdirir. Bu xüsusda Azərbaycan ŞƏT çərçivəsində regional təhlükəsizlik, enerji və nəqliyyat infrastrukturu kimi sahələrdə əməkdaşlıqda maraqlıdır.
Könül Nurullayeva, Milli Məclisin deputatı