
"Azərbaycanda yeganə azad iqtisadi zona olan Ələt Azad İqtisadi Zonasının rəsmi saytında yaradılandan bəri Azərbaycan dili versiyası yoxdur. Mən bu məsələni bu gün zonanın nümayəndələrinə də bildirdim və qeyd etdim ki, bu, sadə görünsə də amma çox vacib bir çatışmazlıqdır".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, saytın ölkənin doğma dilində versiyasının olması investisiya mühitinə müsbət təsir edər, zonanın öz imicini gücləndirər, dövlət dilinə hörmətin göstəricisi olar və ən əsası, yerli sahibkarlar üçün məlumatı daha əlçatan edər:
"Axı hamının ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur. Üstəlik, qanunvericiliyə görə, yerli sahibkarlar və KOB-lar da bu zonadan yararlana bilər. Rezidentlərə xidmət və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər xidmətlər təqdim edə bilirlər. Hətta bunun üçün üstünlüklər də mövcuddur. Yəni bu zona təkcə xarici investorlar üçün deyil, Azərbaycan sahibkarları üçün də imkanlar açır".
İqtisadçı qeyd edib ki, Ələtdə bu zona yaranarkən ən çox sevinənlərdən biri olub:
"Hətta dəhlizlərlə bağlı kitabımda bu zonaya da yer vermişdim. Etiraf edim ki, sayt da kifayət qədər funksional hazırlanıb. Amma dil seçimi çatışmazlığının aradan qaldırılması çox vacibdir. Elə bu səbəbə görə hətta Asiyadan tutmuş Avropaya qədər hansı ölkələrin azad iqtisadi zonasının saytına daxil olsaq, öz doğma dillərində versiyasını görə bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda ƏAİZ saytını da Azərbaycan dilində də görəcəyik".
Anar Əliyev