
David Silverstov: "HƏMAS-ı və digər radikal qrupları yönləndirən qüvvələr siyasi sabitlikdən qazanmadıqları üçün xaosdan bəslənirlər"
Bu günlər dünya Misirdə, Şarm əl-Şeyxdə tarixi hadisəyə şahidlik etdi. Şarm əl-Şeyxdə keçirilən Sülh Sammiti zamanı Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması məqsədilə saziş imzalandı. Bəs görəsən Sülh Sammiti və əldə edilən nəticə Yaxın Şərqə davamlı, qalıcı sülhü gətirə biləcəkmi?
Şarm əl-Şeyx Sülh Sammiti, Yaxın Şərqdə proseslər və Azərbaycanın beynəlxalq rolu ilə bağlı hüquq müdafiəçisi və politoloq Cənab David Silverstovla söhbətləşdik.
-David bəy, mürəkkəb geosiyasi proseslər fonunda Misirdə baş tutan Sülh Sammiti və onun nəticələrini necə dəyərləndirirsiniz?
– Şarm əl-Şeyx Sülh Sammiti müharibənin nəticələrini deyil, onun doğurduğu humanitar və siyasi reallığı idarə etmək üçün vacib addımdır. Sammit beynəlxalq hüquq və vasitəçilik mexanizmlərinin hələ də işlək olduğunu göstərdi. Əsas nailiyyət odur ki, tərəflər ilk dəfə bir masa ətrafında deyil, bir sənəd çərçivəsində “müvəqqəti etimad” formulu ilə razılaşdılar.
-Sizcə sammit Yaxın Şərqə qalıcı, dayanıqlı sülhü gətirə biləcəkmi?
– Qalıcı sülh ancaq üç bünövrə üzərində mümkündür: etimadın bərpası, beynəlxalq zəmanət mexanizmi və tərəflərin daxili siyasi iradəsi. Sammit bu bünövrənin ilk daşını qoydu, amma sülh prosesi özlüyündə bir sənəd deyil – bir mədəniyyətin, bir düşüncə tərzinin formalaşmasıdır.
-Bir çoxları sammit çərçivəsində imzalanan sənəddə əksini tapan 3 və 4-cü maddələrin icrasında problemlərin yaşanacağını, bu səbəbdən regionda qalıcı sülhün mümkün olmayacağını düşünür. Sizin bununla bağlı fikirləriniz maraqlı olardı.
– Bu narahatlıq əsaslıdır. Çünki 3-cü bənd – humanitar girişlərin təminatı, 4-cü bənd isə – təhlükəsizlik qüvvələrinin mərhələli geri çəkilməsi, texniki və siyasi etimadın zəncirvari təsirinə bağlıdır. Bu bəndlər işləməsə, sənədin ruhu pozular. Çıxış yolu: tərəflərin hər addımının beynəlxalq monitorinq mexanizmi ilə müşahidə olunmasıdır.
-Yaxın tariximizdə müxtəlif dövrlərdə anoloji hadisələr, qarşıdurmalar olub, tərəflər vasitəçilərin köməyi ilə müvəqqəti barışıq əldə ediblər, lakin sonradan hansısa qüvvələrin təsiri ilə HƏMAS təxribatlara, hücumlara rəvac verib. Deməyim odur ki, HƏMAS-ı himayə edən qüvvələr yenidən bu kimi cəhdlər edərək razılaşmanı pozmaq istiqamətində addımlar ata bilərlərmi?
– Təəssüf ki, mümkündür. Yaxın Şərqdə hər sülh sənədi eyni zamanda bir sınaq sənədidir. HƏMAS-ı və digər radikal qrupları yönləndirən qüvvələr siyasi sabitlikdən qazanmadıqları üçün xaosdan bəslənirlər. Lakin bu dəfə fərqli cəhət ondan ibarətdir ki, vasitəçilər – Misir, ABŞ, Qətər və Türkiyə – prosesi kollektiv nəzarət altına alıblar. Bu, pozucu cəhdlərə qarşı immunitet formalaşdırır.

-2023-cü ilin oktyabrından davam edən hərbi qarşıdurma fonunda bir şeyi də müşahidə etdik ki, planlı şəkildə İsrailə qarşı sanki hansısa şəbəkə tərəfindən oyun oynanılır, ondan qaniçən obrazı yaratmağa çalışılırdı. Anoloji təxribatları biz 44 günlük müharibə zamanı Azərbaycana qarşı da müşahidə etdik. Sizcə həmin qüvvələrin başlıca amalı, məqsədi nədir?
– Məqsəd eynidir: qanuni müdafiəni “aqressiya”, terrorla mübarizəni isə “zülm” kimi təqdim etmək. Bu, informasiya müharibəsinin klassik alqoritmidir. Bu üsulla ictimai rəydə legitimlik iyerarxiyasını dəyişmək istəyirlər. Amma hüquq faktlarla ölçülür, emosiyalarla yox. Ona görə də biz həm İsraildə, həm Azərbaycanda eyni manipulyativ modelin ifşası ilə məşğuluq.
-Bu arada yenidən sammitə qayıtmaq və Azərbaycanın orada iştirakına toxunmaq istərdim. Azərbaycanın sammitə dəvət edilməsi ölkəmizin artıq regional aktordan qlobal aktora, oyunçuya çevrildiyinin göstəricisi deyilmi?
-Tamamilə belədir. Azərbaycan artıq yalnız regionun sabitlik dayağı deyil, beynəlxalq diplomatiyanın etimad mərkəzlərindən biridir. Dövlət başçısının sammitdə iştirakı göstərdi ki, Bakı həm müsəlman dünyasında, həm də Qərb diplomatiyasında etibarlı tərəfdaş statusuna malikdir.
-David bəy, Siz həm də vətəndaş cəmiyyəti nümayəndəsi, QHT rəhbərisiniz. Maraqlıdır yəqin təhlil və müşahidələriniz olub. Azərbaycanda vətəndaş cəmiyyətinin, ümumiyyətlə ictimaiyyətin Yaxın Şərqdə baş verən proseslərə münasibəti necədir? Ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün orada baş verənlər nə dərəcədə maraqlıdır?
– Azərbaycan cəmiyyəti sülhün dəyərini yaxşı bilir, çünki özü müharibədən çıxmış bir xalqdır. Vətəndaş cəmiyyəti hadisələrə emosional yox, rasional baxır. İnsanlar baş verənləri dini yox, hüquqi və humanitar prizmadan qiymətləndirirlər. Bu, bizim ictimai yetkinliyimizin göstəricisidir.
-Yeri gəlmişkən, Azərbaycanla İsrail arasında münasibətləri necə xarakterizə edərdiniz?
– Bu münasibətlər rasional, strateji və qarşılıqlı hörmətə əsaslanır. Enerji, kibertəhlükəsizlik, aqrotexnologiya və humanitar sahələrdə əməkdaşlıq artıq sistem xarakteri daşıyır. Azərbaycan-İsrail əlaqələri qarşılıqlı fayda üzərində qurulmuş balans modelidir.
-Ancaq görünən odur ki, müəyyən zamanlarda hansısa qüvvələr Bakı ilə Təl-Əviv arasında münasibətlərə xələl gətirməyə çalışır, bu münasibətlərə zərbə vurmağa çalışırlar. Həmin qüvvələrə sözünüz nə olardı?
– Bu münasibətlər bir kampaniyanın, bir şayiənin gücü ilə sarsılacaq qədər zəif deyil. Çünki onlar emosional deyil, geosiyasi məntiqlə qurulub. Biz dostluğu qoruyuruq, çünki bu dostluq sülh, texnologiya və inkişaf deməkdir. Kimlərinsə qərəzli arzuları bu reallığı dəyişməz.
-Sizcə Azərbaycanla İsrail arasında münasibətləri daha da inkişaf etdirmək üçün daha nələr etmək, hansı addımları atmaq lazımdır?
– Mən üç istiqaməti vacib sayıram: birincisi, bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində birgə layihələr; ikincisi, su resursları və aqro-innovasiya; üçüncüsü, mədəni-humanitar körpülərin möhkəmləndirilməsi – xüsusilə təhsil və tədqiqat mübadilələri. Bunlar gələcəyin sabit təməlini qurur.
-Son olaraq fürsətdən istifadə edib bir-iki sual da təşkilatınız barədə vermək istərdim. Rəhbərlik etdiyiniz təşkilatın əsas məqsəd və qarşısına qoyduğu hədəflər hansılardır?
– Bizim təşkilatın missiyası insan hüquqlarını müdafiə etmək, hüquqi maarifləndirmə aparmaq və ictimai etik məsuliyyəti artırmaqdır. “Magen David Azərbaycan” həmçinin dinlərarası dialoq, antisemitizmə və nifrət nitqinə qarşı maarifləndirmə, vətəndaş həmrəyliyi və xeyriyyəçilik istiqamətində fəaliyyət göstərir.
-Sirr deyilsə qarşıdakı planlarınız, həyata keçirməyi nəzərdə tutduğunuz layihələr, tədbirlər nədən ibarətdir?
–Ən yaxın layihəmiz “Sülh və Faktlar” adlı illik beynəlxalq konfransdır. Eyni zamanda “Rəqəmsal Həqiqət Laboratoriyası”nı yaradaraq dezinformasiya ilə mübarizə aparacağıq. Gənclər üçün hüquq klinikası və media savadlılığı proqramları da nəzərdə tutulub. Əsas məqsədimiz – maarifləndirmə, hüquqi yardım və sülh mədəniyyətinin formalaşdırılmasıdır.
Süleyman İsmayılbəyli