
Rusiyaya məxsus olduğu qeyd edilən dronun Rumıniya ərazisinə zərbə endirməsi Avropada yeni bir hərbi-siyasi böhran yaratmaq potensialında olan bir hadisədir. Zərbə Rumıniya ərazisinə endirildiyi üçün ilk növbədə diqqətlər məhz NATO - nun üzərinə fokuslanır. Alyansın hadisəyə reaksiyası və prosesin gələcək dinamikası hər kəs üçün maraqlıdır.
Ukrayna və Rumıniyanın sərhəd ölkələr olduğunu nəzərə alarsaq bu tip hadisənin yaşanması ehtimalı elə ilk gündən gözlənilən idi. Xüsusilə, hər iki tərəfdən dron texnologiyalarının kütləvi istifadəsi müharibənin coğrafiyasının genişlənməsinə zəmin yaradır. Bu səbəbdən bu tip hadisənin baş verməsi istisna deyildi və oldu. İndi düşüncəmizdə iki variant canlanır. 1- Bu sadəcə texniki bir xətadır. 2- Kreml Moldova ilə yaxınlaşma səbəbindən Rumıniyaya xəbərdarlıq məqsədli bu hadisəni reallaşdıra bilər.
Niyyət nə olursa-olsun situasiya yeni bir gərginlik ocağı yaradacaq səviyyədədir və artıq bununla bağlı müəyyən fikirlər, səslər ucaldılır. Rumıniya NATO üzvü olduğu üçün alyansın münasibəti və bu tip ssenarilərə hazırlıq səviyyəsi ildi əsas müzakirə mövzusudur.
Məsələyə hərbi cəhətdən yanaşdıqda hesab edirəm ki, Rusiya üçün indiki halda NATO - ilə hərbi dillə danışmaq sərfəli deyil. Ölkə artıq 5-ci ildir ağır müharibə aparır və ordusu çox ciddi güc itirib. Eyni zamanda iqtisadiyyatı yeni bir hərbi kompaniyaya tab gətirməz. Paralel olaraq Alyansın özündə belə münasibətlər mükəmməl deyil.
Digər tərəfdən fərz edək ki, NATO özündə cəsarət tapdı və hərbi variant işə salındı. Rusiyanın vəziyyətini göz önünə gətirərək demək olar ki, bu artıq nüvə silahının tətbiqinə kimi uzanar. Çünki Kremlin ənənəvi savaş aparmaq qüvvəsi yoxdur.
Bütün hərbi çağırışlara baxmayaraq hesab edirəm ki, hər iki tərəf üçün ortaq dil tapmaq ən unikal seçimdir.
Pərviz Mirizadə, siyasi şərhçi









































