Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil


Azərbaycanda çox maraqlı bir sual yaranır: görəsən, Azərbaycan Respublikasında bir vətəndaşın hansı millətə mənsub olması dövlətin verdiyi rəsmi sənədlərlə, qanunvericiliklə və hüquqi prosedurlarla müəyyən olunur, yoxsa özünü Avropa yəhudiləri sinaqoqunun baş ravvini kimi təqdim edən Şneor Seqalın şəxsi münasibətləri, şəxsi simpatiyaları və şəxsi münaqişələri əsasında?

Azərbaycan Respublikası hüquqi dövlətdir. Burada vətəndaşın hüquqi statusu, şəxsiyyəti, milli mənsubiyyəti və ictimai mövqeyi hansısa ravvinin şəxsi “fətvası” ilə deyil, Azərbaycan Respublikasının qanunları, dövlət sənədləri və konstitusion prinsipləri ilə müəyyən olunur.


Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib. Onun sözlərinə görə, əgər kimsə düşünürsə ki, o, dini vəzifə adı altında Azərbaycanda kimin “yəhudi”, kimin “təmiz yəhudi”, kimin “qəbul olunan”, kimin “qəbul olunmayan” olduğunu şəxsi qərarı ilə müəyyən edə bilər, bu artıq dini fəaliyyət deyil:

"Bu, cəmiyyət daxilində ayrı seçkilik yaratmaq, insanları mənşəyinə görə bölmək və dini icmanı şəxsi idarəetmə alətinə çevirmək cəhdidir.

Xüsusilə də keçmişi və fəaliyyəti ilə bağlı ciddi suallar doğuran, Krasnodar şəhərində adı persona non grata kimi hallanan bir şəxsin illərlə Azərbaycan ərazisində fəaliyyət göstərərək burada insanlara milli mənsubiyyət dərsi keçməsi, yumşaq desək, çox qəribə mənzərə yaradır. Azərbaycan dövləti heç kimin şəxsi ambisiyalarının, şəxsi münasibətlərinin və dini pərdə altında aparılan bölücülük cəhdlərinin meydanı deyil".

David Seliverstov daha sonra bunları söyləyib:

"Şneor Seqala açıq şəkildə bildirirəm: Azərbaycan Respublikasında kimin hansı millətə mənsub olması sizin şəxsi qərarınızla müəyyən olunmur. Bu ölkədə qanun var, dövlət var, sənəd var, konstitusiya var. Siz dini mərasimlə məşğul olmaq əvəzinə, insanları “təmiz” və “natəmiz”, “bizdən” və “bizdən olmayan” kimi bölməyə çalışırsınızsa, bu artıq mənəvi məsələ deyil, ictimai və hüquqi məsələdir.
Azərbaycan yəhudiləri əsrlər boyu bu ölkənin ayrılmaz bir hissəsi olub. Onların kimliyini, ləyaqətini və tarixini heç bir xarici mənşəli dini fiqurun şəxsi münasibəti ilə ölçmək mümkün deyil. Azərbaycan yəhudisi olmaq kiminsə icazə kağızı ilə deyil, tarixlə, ailə yaddaşı ilə, dövlət sənədi ilə, vətəndaş mövqeyi ilə və bu ölkəyə sədaqətlə müəyyən olunur".

David Seliverstov hesab edir ki, bu cür yanaşmaların qarşısı yalnız ictimai mövqe ilə deyil, dövlətçilik xətti ilə də alınmalıdır:

"Çünki millətçilik, ayrı seçkilik və dini icma daxilində şəxsi hökmranlıq iddiası Azərbaycan Respublikasının multikultural ruhuna, hüquqi sisteminə və dövlət maraqlarına ziddir.

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil. Bu ölkədə insanları bölmək yox, birləşdirmək lazımdır. Kim yəhudidir, kim azərbaycanlıdır, kim bu torpağın övladıdır sualına şəxsi qəzəblər deyil, dövlət, qanun və tarix cavab verir".

Süleyman
Xəbəri paylaş