
David Seliverstov: "Yəhudi əsilli bir insan olaraq Azərbaycanda heç vaxt özümü yad hiss etməmişəm"
Dünyanın müxtəlif bölgələrində münaqişələrin artdığı bir zamanda sülh və sabitlik, bu məqsədlə qlobal həmrəyliyin zəruriliyi də ön plana çıxır. Bir qayda olaraq dünyada sülhə və sabitliyə çağırış edən Azərbaycan bu istiqamətdə daha çox aktiv oyunçu kimi özünü göstərir. Bütün bunlarla bağlı hüquq müdafiəçisi David Seliverstov Newscenter.az-a müsahibə verib.
— David bəy, son dövrlərdə Qlobal Həmrəylik Şurasının adı daha çox hallanır. Bir çoxları bu platformanın mahiyyətini tam anlamır. Sizcə, Qlobal Həmrəylik Şurasının əsas fəlsəfəsi və missiyası nədən ibarətdir?
— Dünyada bu gün ən böyük böhran təkcə siyasi və iqtisadi böhran deyil. Ən böyük böhran insanın insana olan etimadının zəifləməsidir. Qlobal Həmrəylik Şurasının əsas mahiyyəti də məhz bu itirilmiş etimadı yenidən bərpa etməkdir. Bu platforma hansısa dövlətə, millətə və ya dini qrupa qarşı qurulmuş struktur deyil. Əksinə, fərqli mədəniyyətlərin, xalqların və düşüncələrin bir masa arxasında ortaq gələcək naminə danışa bilməsi üçün yaradılmış bir platformadır.
Biz hesab edirik ki, XXI əsrdə güc yalnız silahla ölçülməməlidir. Ən böyük güc insanı parçalamaq yox, birləşdirməkdir. Həmrəylik sadəcə şüar deyil — bu, beynəlxalq təhlükəsizlik modelidir. Əgər insanlar bir-birinin ağrısını anlaya bilmirsə, heç bir siyasi sistem uzunömürlü olmayacaq. Buna görə də Qlobal Həmrəylik Şurası insan ləyaqətini, qarşılıqlı hörməti və hüquqi ədaləti qlobal münasibətlərin əsas sütunu kimi görür.
— Azərbaycanda yəhudi milliyyətinə mənsub insanların digər millətlərlə fərqi nədədir?
— Əslində fərq heç nədə deyil. Fərqləri insanlar özləri yaradıb. Biz millətləri adlandırmışıq, sərhədləri çəkmişik, dilləri ayırmışıq. Amma insanın ruhu doğulanda onun milliyyəti olmur. Biz hamımız eyni yaradılışın övladlarıyıq. İstər yəhudi olsun, istər azərbaycanlı, rus, talış, ləzgi və ya başqa bir xalqın nümayəndəsi — hamımızın göz yaşının dadı eynidir.
Azərbaycanın gücü də elə bundadır. Burada insanın adı və soyadı onun ləyaqətindən üstün tutulmur. Azərbaycan heç vaxt multikulturalizmi vitrin üçün yaşamayıb. Bu torpaq əsrlərlə müxtəlif xalqları bir ailə kimi yaşatmağı bacarıb.

Mən yəhudi əsilli bir insan olaraq Azərbaycanda heç vaxt özümü yad hiss etməmişəm. Çünki burada insan əvvəlcə vətəndaşdır, sonra milliyyət daşıyıcısıdır. Ən böyük müdafiə də budur: İnsanı yalnız mənsubiyyətinə görə yox, şəxsiyyətinə görə qiymətləndirmək.
— Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günüdür. Sizcə, Albert Aqarunov və digər şəhidlərimiz milliyyətindən asılı olmayaraq vahid Azərbaycan ruhunun daşıyıcısı ola bildilərmi?
— Şəhidliyin milliyyəti olmur. Şəhidlik insanın hansı xalqdan olmasını deyil, hansı vicdana sahib olmasını göstərir. Albert Aqarunov bunun ən böyük simvollarından biridir. O, sadəcə yəhudi əsilli qəhrəman deyildi — o, Azərbaycan torpağı uğrunda canını fəda edən Azərbaycan vətəndaşı idi.
Mən əminəm ki, şəhidlər bir-birinin milliyyətinə görə deyil, eyni amal uğrunda dayanmasına görə bir-birinə hörmət edirdilər. Çünki səngərdə insanın soyadı yox, ürəyi danışır.
Albert Aqarunov, Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımız fərqli həyat yollarından gəlsələr də, eyni zirvədə birləşdilər — Vətən sevgisi zirvəsində. Bu zirvədə artıq millət anlayışı yox olur, yalnız ləyaqət qalır.
— Bəzən dünyada din və milliyyət üzərindən qarşıdurmalar artır. Sizcə, bu prosesin qarşısını necə almaq olar?
— İnsanlar bir-birini tanımadıqca qorxu yaranır. Qorxu isə nifrətin qidasıdır. Dünyada bir çox münaqişələrin kökündə məhz insanın insanı dinləməməsi dayanır.
Mən hesab edirəm ki, hüquq təkcə qanun kitabında olmamalıdır. Hüquq insanın vicdanında yaşamalıdır. Əgər insan qarşısındakı şəxsin hüququnu öz hüququ qədər müqəddəs hesab etmirsə, heç bir beynəlxalq sənəd dünyanı xilas edə bilməz.
Bu səbəbdən dialoq mədəniyyəti çox vacibdir. İnsanlar bir-birinin tarixini, ağrısını və kimliyini öyrənməlidirlər. Çünki tanıdığın insanı düşmənə çevirmək daha çətindir.
— Sizcə, Azərbaycan dünyaya hansı əsas mesajı verir?
— Azərbaycan dünyaya göstərir ki, müxtəliflik təhlükə deyil. Əksinə, düzgün idarə olunan müxtəliflik dövlətin gücünə çevrilə bilər.

Bu ölkədə sinaqoq da var, məscid də, kilsə də. Ən önəmlisi odur ki, insanlar bir-birinin ibadət yerinə düşmən gözü ilə baxmırlar. Bu, sadə məsələ deyil. Dünyanın bir çox yerlərində insanlar eyni küçədə fərqli dinə görə qarşıdurma yaşayır. Azərbaycan isə bunu illərlə balans şəklində qoruyub. Bu model siyasi reklam yox, tarixi reallıqdır.
— Sonda Dunyaya , bütun insanlar sizi duysaydi və xüsusilə gənclərə nə demək istərdiniz?
— İnsan güclü olmaq istəyirsə, əvvəlcə vicdanını itirməməlidir. Çünki silah insanı qorxuda bilər, amma yalnız mənəviyyat insanı böyük edə bilər.
Sonda demək istəyirəm: kimliyinizlə fəxr edin, amma başqa insanın kimliyinə hörmət etməyi də öyrənin. Çünki gələcəyin ən böyük savaşları torpaq uğrunda yox, insanlığın qorunması uğrunda olacaq.
İnsan milliyyəti ilə doğulur, amma şəxsiyyəti ilə tarixdə qalır. Bir gün hamımızdan soruşulacaq: Sən kim idin yox, sən insan qala bildinmi?
Süleyman İsmayılbəyli










































