
Bu günlər anadan olmasının 103-cü ilini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin ölkə həyatının bütün istiqamətlərində, bu və ya digər sahələrin inkişafında misilsiz xidmətlərinin olması danılmaz faktdır. Hər bir sahə kimi Azərbaycan Həmkarlar İttifaqlarının da inkişaf etməsi, onun mütəşəkkil bir quruma çevrilməsi, ən əsası təşkilatın əmək kollektivlərinin əsl müdafiəçisinə çevrilməsində Ulu Öndərin xidmətləri az olmayıb. Ulu Öndər istər sovetlərin zamanında, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə açıq şəkildə ifadə edirdi ki, həmkarlar ittifaqlarının əsas missiyası zəhmətkeşlərin hüquqlarının müdafiəsi, onların sosial rifah halının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və cəmiyyətdə sosial ədalətin təmin edilməsi olmalıdır. Bu mənada Ulu Öndər deyirdi: “Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək, onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda daha böyük əzmlə çalışmalıdır”. Əslində bu sözlər Ümummilli Lider tərəfindən həmkarlar təşkilatlarına göstərilən həm yüksək etimad, həm də onun qarşısında qoyduğu məsuliyyət idi.

Bu gün fəaliyyətini yeni dövrün tələbləri və yeni çağırışlara uyğun quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, eyni zamanda Ulu Öndərin bu quruma olan etimadını da ən yüksək səviyyədə doğruldaraq, üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir. Həm də bu etimadı ona göstərən dahi şəxsiyyəti yüksək ehtiram və sayğı ilə yad edir, anır. Elə AHİK-in təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir də həm Ulu Öndərin əziz xatirəsinə ehtiram, həm də ümummilli liderin sözügedən quruma olan etimadın doğrulduğunun təsdiqi idi. Hər şeydən əvvəl tədbirin iştirakçılarının kontingentindən bunu aydın görmək olardı. Dövlət və hökumət rəsmiləri, millət vəkillərindən tutmuş, sadə vətəndaşa, bu və ya digər sahənin təmsilçisinə qədər hər kəsin anım tədbirinə dəvət alması Heydər Əliyevin AHİK qarşısında qoyduğu vəzifənin, onun əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilməsi tövsiyəsinin sübutu idi. Bu kimi müxtəlif aspektli tədbirlərlə AHİK hər kəsin təşkilatı olduğu, hər bir zəhmətkeşi öz çətiri altında birləşdirə bildiyini göstərir. Bu mənada “Xalq üçün yaşanan ömür” tədbiri həm də ictimai həmrəylik kimi də xarakterizə edilə bilər.

Konfederasiya tərəfindən təşkil olunan bu kimi tədbirlər həmkarlar ittifaqlarının cəmiyyət həyatında fəal iştirakını ortaya qoymaqla yanaşı, eyni zamanda Heydər Əliyev irsinin təbliği, öyrənilməsi baxımından da əhəmiyyət kəsb edir. Belə mühüm əhəmiyyətli tədbirlər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, iqtisadi sabitliyin təmin edilməsində və sosial siyasətin gücləndirilməsində göstəridiyi misilsiz xidmətlərin ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasında əsas təbliğat vasitəsi kimi də xüsusi yer tutur.

Tədbir zamanı bir daha təsdiq olundu ki, Həmkarlar ittifaqı nümayəndələri Ulu Öndərin “Hər bir həmkarlar ittifaqı təşkilatı fəhlələrin təşəbbüsünü müdafiə etməli, zəhmətkeşlərin ehtiyaclarının ödənilməsinə daim qayğı göstərməlidir” devizini əldə bayraq tutaraq, Heydər Əliyevin əmək münasibətlərinin tənzimlənməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və vətəndaşların rifahının artırılması istiqamətində gördüyü işləri uğurla davam etdirirlər. Bu da öz növbəsində AHİK sıralarının genişlənməsini şərtləndirir.

Bu tədbir həm də onu göstərirdi ki, AHİK üzvlərinin Heydər Əliyev irsinə sadiqliyi təkcə sözlə deyil, həm də əməldə, real həyatda öz əksini tapir. Eyni zamanda bu, AHİK-in Heydər Əliyev siyasi kursuna sadiqliyinin tərənnümüdür. Hər halda mərasimdə edilən çıxışlarda birmənalı olaraq hazırda Azərbaycanda bütün sahələrdə dinamik inkişaf getdiyinin, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyinin, bütün bunların məhz Cənab Prezident İlham Əliyevin sayəsində mümkün olduğunun bildirilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələrin xüsusi qeyd olunmasından bunu aydın görmək mümkün idi.
Süleyman İsmayılbəyli










































