
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bir tarix olmaqla yanaşı, həm də mühüm mesajların verilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan dövlət başçısının Zəngilana səfəri də xüsusilə yadda qalan oldu. Cənab İlham Əliyev həm Zəngilanda mühüm infrastruktur layihələrinin açılışında iştirak etdi, həm də rayon sakinləri ilə keçirdiyi görüşlərdə mühüm mesajlar verdi".
Bunu Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov dövlət başçısının Zəngilana səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Cənab Prezidentin Zəngilana səfərinin 10 may tarixinə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf etməsi həm də rəmzi məna kəsb edirdi:
"Ümummilli Liderin ən böyük arzusu işğal altında olan ərazilərimizi azad görmək idi. Mayın 10-da Cənab İlham Əliyevin timsalında Ulu Öndər torpaqlarımızın azad olunduğunu bir daha gördü və ruhu şad oldu ki, ata nəsiyəti həyata keçib".
İlham Məmmədov diqqətə çatdırıb ki, prezident İlham Əliyevin Zəngilana səfəri zamanı diqqət çəkən məqamlardan biri də yerli sakinlərlə görüşü və görüş zamanı səsləndirdiyi fikirlər oldu:
"Cənab Prezident haqlı olaraq bəzi xarici güclərin, xüsusilə Avropanın müəyyən dövlətlərinin regionda yenidən gərginlik yaratmaq cəhdlərindən danışdı, bu aspektdə Avropanın müşahidə missiyasının fəaliyyətini haqlı olaraq tənqid etdi. Doğurdanda, əgər Azərbaycanla Ermənistan arasında normallaşma prosesi istənilən səviyyədə gedirsə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində təmaslar artırsa, o zaman Ermənistanla şərti sərhəddə müşahidə missiyasına nə ehtiyac var? Onlar Ermənistanı kimdən qoruyurlar? Prezidentin də dediyi kimi bizim heç kimin torpağında gözümüz yoxdur və biz özümüzə məxsus olan ərazilərimizi işğaldan azad etmişik. Ona görə də yaxşı olar ki, bəzi Avropa ölkələri sülh prosesinə əngəl olub, regionda gərginlik yaratmaq cəhdlərinə deyil, Cənubi Qafqazda qalıcı və davamlı sülhün təmin olunmasına çalışsınlar".
Millət vəkili onu da qeyd edib ki, dövlət başçısı Zəngilan sakinləri ilə keçirdiyi görüşdə Ermənistandakı revanşist qüvvələrə də xəbərdarlıq etdi:
"Dövlət başçıısı açıq şəkildə ifadə etdi ki, bu ölkədə keçiriləcək parlament seçkilərində revanşistlər qalib gəlsə və onlar sülh prsesinə mane olmağa çalışsalar, o zaman Ermənistanın taleyi yaxşı olmayacaq. Düşünürəm ki, Cənab Prezidentin Zəngilanda verdiyi mesajdan hər kəs nəticə çıxarmalıdır".
Süleyman










































