
1918-ci ilin müstəqilliyi ideallar üzərində qurulmuş bir arzu idi o zaman dövlətin dayaqları zəif, imkanları məhdud, düşmənləri çox idi. Lakin 1991-ci ildə bərpa olunan müstəqillik artıq xalqın yaddaşına, iradəsinə və milli kimliyinə söykənirdi. O dövrdə biz azadlığı qazanmağı öyrənirdiksə, bu gün azad yaşamağın məsuliyyətini və gücünü daşıyırıq. Əgər bir vaxtlar varlığımızı sübut etmək uğrunda mübarizə aparırdıqsa, indi öz sözünü dünyaya deyən, regionun taleyini müəyyən edən bir dövlətik.
Bu gün Azərbaycan o dövrün davamçısı deyil inkişaf etmiş, güclü və sabit bir dövlətdir.
İqtisadiyyatımız dayanıqlıdır, infrastruktur sürətlə inkişaf edir, ordumuz güclüdür, diplomatiyamız regionda söz sahibidir.Azərbaycan yalnız özünü deyil, regionun tərəqqisinə və inkişafına öncülük edən lider ölkəyə çevrilib. Bu günkü Azərbaycan keçmişin zəhməti üzərində yüksələn, regionda nüfuzu ilə seçilən və gələcəyə inamla baxan dövlətdir.Müstəqilliyimiz indi təkcə siyasi deyil həm də texnoloji, mədəni və mənəvi inkişaf deməkdir. Keçmişdə azadlıq uğrunda mübarizə aparırdıqsa, indi azad şəkildə inkişaf edir, yaradır və dünyaya nümunə göstəririk.
Qürur duyuruq, çünki müstəqilliyimiz möhkəmdir və hər gün daha da güclənir.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri