
Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.
Bildirilib ki, kampaniya avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb:
"Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədi ilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış "Facebook", "Instagram" və "X" kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib".
Qeyd edilib ki, kampaniyada diqqətçəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır:
"Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən "rusofobiya" sindromunun köklərini "Z" blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir".
Süleyman