
“Görünür bəzi qeyri-hökumət təşkilatlarının özlərinin maarifləndirilməsinə ciddi ehtiyac var. Əks təqdirdə mövcud qanunvericiliyin tələblərini pozmaz, qanunsuz fəaliyyətlə məşğul olmazdılar. Hər halda bu günlərdə Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı bəyanat belə deməyə əsas verir. Təəssüflər olsun ki, bu və ya digər məsələlərin həllində, cəmiyyətdə mövcud olan boşluqlar, problemlərin aradan qaldırılmasında vacib rol oynamalı olan QHT-lər özləri qanunsuz əməllərə yol verirlər. Bu və ya digər məsələlərlə bağlı cəmiyyəti maarifləndirməli olan bir sıra QHT-lərin özlərini maarifləndirmək, onları doğru yola dəvət etmək istiqamətində tədbirlərin keçirilməsinə ehtiyac var. Qanunları pozaraq fəaliyyət göstərən QHT-nin media sahəsində mövcud olan reket mətbuatla heç bir fərqi yoxdur. Hər ikisi cəmiyyətin və mənsub olduqları sahənin üz qarasıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva Ədliyyə Nazirliyi və QHT Agentliyinin orden və medal təsis edən qeyri-hökumət təşkilatları ilə bağlı yaydığı bəyanata münasibət bildirərkən səsləndirib. İctimai birlik təmsilçisi təəssüf hissi ilə qeyd edib ki, bundan bir müddət əvvəl həmin QHT-lərə qeyri-qanuni fəaliyyətləri ilə bağlı xəbərdarlıqlar edilsə də, lakin bir çoxları nəticə çıxarmayıb:
“Nəticə etibarilə Ədliyyə Nazirliyi və QHT Agentliyi məlum bəyanatı yaymalı olub. Əslində bu kimi qanunsuz fəaliyyətlər vətəndaş cəmiyyətinə bir ləkədir, onun nüfuzuna, ictimai sektorda oynadığı rola zərbədir:
“Həyatımızın bütün sahələrində bu kimi neqativ yöndə fəaliyyət göstərən fərdlər və qruplar, təşkilatlar var. Hesab edirəm ki, onlara qarşı qanunvericiliyin imkan verdiyi forma və vasitələrdən istifadə etməklə müvafiq tədbirlər görülməlidir”.
Ruhiyyə Mehdiyeva əmin olduğunu bildirib ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan təşkilatlar son bəyanatdan nəticə çıxaracaq və öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə quracaqlar.
Anar Əliyev