
"Rusiyanın Polşanın hava sahəsinə dronlar vasitəsilə daxil olması, nəyə xidmət edirdi və Rusiyanın bu hərəkəti etməkdə məqsədi nə idi?. Bu Rusiyaya nə qazandıra bilər?. Əslində Rusiyanın Polşaya qarşı dron hücumu, NATO-ya qarşı hücum hesab olunsa da, Moskva bu hücumla Ukraynaya silah-sursat və maliyyə yardımları edən, eləcə də vetməyə hazırlaşan Avropa ölkələrinə özünüzün müdafiəsinə hazırlaşın, mesajını verdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, həqiqətən də bu hücümdan sonra Avropa ölkələrində, "Rusiyanın nə edəcəyi məlum deyil" prinsipi əsasında, hər kəsi özünün müdafiəsi ilə məşğul olmaq düşüncəsiylə baş-başa buraxdı:
"Rusiyanın bu hücumu Avropada hər kəsi şoka saldı və bütün sferalarda Ukraynaya ediləcək yardımlara öz təsirini mütləq göstərəcəkdir. Son vaxtlar cəbhədə irəliləyən və müvəffəqiyyətlər əldə edən Ukraynanın yenidən böyük çətinliklərlə üz-üzə qalacağı gözlənilir və Rusiyanın bu hücumunun arxasında əsas məqsəd kimi bunu qeyd etmək lazımdır. Çünki, Rusiyanın ehtimal olunan hücümlarından sığortalanmaq və qorunmaq üçün daha çox öz ölkəsinin müdafiə tavanının möhkəmləndirilməsi istiqamətində hərəkət etməsi və düşünməsi, vahiməyə qapanmış avropalı üçün, Ukraynadan daha önəmlidir. Avropa üzərində Rusiya xofunun davam etməsi, həmçinin Trampın yürütdüyü siyasətin əsas istiqamətlərindən biri olduğunu da vurğulamaq yerinə düşərdi. Bu baxımdan hazırda dünyada baş verənlərin Alyaskada Tramp-Putin görüşündən qaynaqlana biləcəyini də istisna etmək olmaz. Cünki, artıq beynəlxalq hüququn yerini, beynəlxalq güc almaqdadır. Bu isə ABŞ-ın dünya üzərində yeni nizam strategiyasına tam uyğun olaraq atılan addımlar hesab oluna bilər".
Anar Əliyev