Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir müharibələr ənənəvi yanaşmaları sevmir

Müasir müharibələr ənənəvi yanaşmaları sevmir


Rusiya - Ukrayna müharibəsi artıq fərqli məcrada inkişaf etməkdədir. Daha dəqiq desək, Ukrayna ordusunun düşünülmüş hərbi gedişləri, xüsusilə, Rusiyanın dərinliklərində yerləşən Neft Emalı Zavodlarına endirilən zərbələr artıq öz nəticələrini verməkdədir.
Rusiyada ciddi yanacaq qıtlığı yaşanır. Mövcud situasiya sənaye və kənd təsərrüfatı kimi aparıcı sahələri iflic etməkdədir. Bu isə öz növbəsində Kremlin iqtisadi aktivliyini və hərbi əməliyyatları davam etdirmək üçün zəruri olan gücü zəiflədir. Bütün bunlar isə birmənalı olaraq cəbhədə döyüşən əsgərə təsirsiz ötüşmür.

Biz dəfələrlə qeyd etmişik ki, müasir müharibələr ənənəvi yanaşmaları sevmir. Quru qoşunlarının, ağır tank bataliyonlarının sistemsiz şəkildə döyüş meydanına atılması sonda onların məhvi ilə nəticələnir.
Rusiya ordusu qlobal reytinqlərdə hər zaman ikinci sırada qərarlaşsa da, bu ölkənin Silahlı Qüvvələrinin İkinci Dünya Müharibəsindən qalma taktikalarla döyüşməsini Çeçenistan və Gürcüstan müharibələrindən aşkar idi. Keçən müddət ərzində ruslar müasir müharibə metodikalarını mənimsəmək adına heçnə etmədilər. Nəticə isə göz qabağındadır. Bütün parametrlər üzrə üstün olmağına baxmayaraq bu fərq cəbhə xəttində dönüş yaratmağa kifayət etmir.

Rusiyadan fərqli olaraq Ukrayna hərbiçiləri sözün əsl mənasında master klass nümayiş etdirirlər. Artıq aparıcı qərb dövlətləri Ukrayna ordusunun təcrübəsindən yararlanmağa çalışır. Bu olduqca əhəmiyyətli hadisədir. Bununla yanaşı, ukraynalılar öz hərbi sənaye kompleksini də sürətlə inkişaf etdirirlər. Dronlar, qanadlı raketlər, pilotsuz dəniz vasitələri kimi müasir sistemlər sınaqdan keçirilir və kütləvi istehsal olunur. Xüsusilə, qanadlı raketlərin inkişaf etdirilməsi indi Rusiya torpaqlarına dronlarla endirilən zərbələri əvəzləyəcək və daha böyük dağıntılara səbəb olacaq. Bilindiyi kimi, neft emalı, ixracı Rusiya iqtisadiyyatının şah damarıdır və Ukrayna bu damarı kəsməklə məşğuldur.

Təbii ki, Qərbin, ən əsası Birləşmiş Ştatların dəstəyi Ukrayna üçün hələ də həyati əhəmiyyət kəsb edir. Və onu da qeyd etmək lazımdır ki, Donald Tramp Rusiyanın davranışlarından narazıdır. Təbii ki, Trampın Rusiyaya münasibətdə "U" dönüşü etməsinin ardında daha böyük niyyətlər, hətta Çinlə müəyyən razılaşmalarda yata bilər. Lakin nəticə etibarilə bu situasiya Ukraynaya sərf edir.
Rusiyanın yeni mobilozasiya etdiyi qüvvələrində sayına baxsaq görərik ki, Kreml qış aylarında müdafiə döyüşlərinə daha çox üstünlük verəcək nəinki hücum. Bütün bunlar onu göstərir ki, resursların savaşına çevrilən Ukrayna müharibəsi artıq Rusiyanı tükəndirmək üzrədir.

Siyasi şərhçi Pərviz Mirizadə
Xəbəri paylaş