
Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Bu hərəkatın başlıca istiqaməti Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək, Azərbaycan dövlətçiliyini davam etdirmək idi. Rus imperiyasının bu hərəkatı dayandırmağa qüdrəti çatmamışdı. 1990-ci il yanvarın 20-də Bakıda, eləcə də daha bir neçə şəhərdə böyük qırğın törətsə də niyyətinə nail ola bilmədi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. Dünyanın neçə-neçə dövləti Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Müxtəlif dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələr qurulmağa başlandı...
Müstəqil Azərbaycanda hakimiyyət boşluğu hökm sürürdü, idarəçilikdə yol verilən ciddi nöqsanlar separatçılığın, milli qarşıdurmaların yaranmasına, nəticə etibarilə dövlət çevrilişinə zəmin hazırlanmasına şərait yaratmışdı. Belə bir vəziyyətdə xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi ciddi təkidlə hakimiyyətə çağırdı. Xalqın istəyini gerçəkləşdirən Heydər Əliyev 1993-cü il iyunun 9-da hakimiyyətə qayıtdı.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqının tarixində müstəsna xidmətləri oldu, böyük tarixi şəxsiyyət xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.
Dahi tarixi şəxsiyyət Heydər Əliyev müdrik insan idi. Qəbul etdiyi bütün qərarlar azərbaycançılığa, Azərbaycan dövlətçiliyinin mənafelərinə əsaslanırdı, qətiyyətli siyasətçi idi, ensiklopedik biliyə, heyrətləndirici yaddaşa malik idi, tarixi şəraiti gerçəklik baxımından məharətlə təhlil edirdi. Heydər Əliyev çox böyük siyasi xadim idi. O beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi...
“Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir” (Toni Bleyer).
Heydər Əliyevin hakimiyyətə qayıdışında başlıca missiyası dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, siyasi və iqtisadi qüdrətini artırmaq, sosial-iqtisadi tərəqqini təmin etmək idi. Hər tarixi şəxsiyyət tarixin axarına təsir göstərə bilmir. Heydər Əliyev buna nail oldu. Ən böyük azərbaycanlı kimi, azərbaycançılıq ideologiyası ilə!
Siyasət və uzaqgörənliyi qarşılıqlı vəhdətdə görən Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt həmişə uğur qazandırır. Dahi tarixi şəxsiyyət qeyd edirdi ki, belə siyasət cəmiyyətin sabitliyinə, tərəqqisinə, irəliyə doğru hərəkətinə xidmət edir.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu.
Qərbə inteqrasiyanı ən optimal siyasi kurs bilən Ulu Öndər Heydər Əiyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, anti-milli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il dekabrın 10-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən Birləşmiş Millətlər Təşkilatının ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda demişdi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik”.
2000-ci il mayın 24-də Gəncədə şəhər sakinləri ilə görüşündə dediyi fikirlər də Azərbaycan dövlətçiliyi baxımından siyasi tezislər kimi tarixləşdi: “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir”.
3 oktyabr 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın dünyəvi dövlət kimi formlaşmasını, bəşəri dövlət kimi inkişafını təmin etdi. Qürurla və tarixi gerçəkliyə əaslanmaqla deyirik ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı