Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün bütün türk dövlətləri üçün postneft dövrü başlayır

Bu gün bütün türk dövlətləri üçün postneft dövrü başlayır


Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunan qeyri-rəsmi Zirvə görüşü adından da göründüyü kimi Türk dünyası üçün həyati əhəmiyyətli vacib məsələlərdən birinə həsr olunub. TDT-rin dövlət və hökumət başçılarının bu qeyri-rəsmi Zirvəsində hazırda bütün dünyanı ağuşuna alan və sürətlə inkişaf edən rəqəmsal texnologiyalar və Süni İntellekt (AI) erasında yeni əməkdaşlıq prioritetlərinin müzakirəsi olduqca səmərəli keçdi. Rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi artıq günün zərurətinə çevrilib. Bu da o deməkdir ki, Türk dünyasının gələcək inkişaf perspektivləri və daha sıx inteqrasiyası təkcə enerji və nəqliyyat layihələri, logistik əməkdaşlıq imkanları ilə müəyyən olunmur.
Qədim Türküstan şəhərinin ev sahibliyi etdiyi qeyri-rəsmi Zirvə görüşü əsnasında Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin başçılarının imzaladığı "TDT liderlərinin qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair Türküstan Bəyannaməsi"ndə yer alan müddəalardan görünür ki, süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyalar öz transformasiyaedici və optimallaşdırıcı potensialı ilə Türk dövlətlərində dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində TDT üzvləri arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından həqiqətən də mühüm əhəmiyyət kəsb edir. Türküstanın məkan kimi seçilməsi isə təsadüfi deyildi. Türk dünyasının mənəvi mərkəzlərindən hesab olunan bu şəhər TDT-nin yalnız iqtisadi və siyasi deyil, həm də sivilizasion birlik ideyasına söykəndiyini göstərdi. Bu baxımdan Zirvə görüşü həm rəmzi, həm də strateji xarakter daşıyırdı.
Yeri gəlmişkən, sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq davamlı ənənəyə çevrilir. Bu məqamı bu gün Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi olaraq vurğuladı. İlk tədbirin işğaldan azad olunmuş mədəniyyət paytaxtımız Şuşada baş tutması TDT ölkələrinin, bütün Türk dünyasının birlik və həmrəyliyinin simvolu oldu. Qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsünün müəllifi məhz bizim dövlətimizin başçısıdır. Prezident İlham Əliyev haqlı olaraq hər zaman vurğulayır ki, bizim ailəmiz Türk dünyasıdır və bu ailəni gələcəyə aparmaq üçün birgə səylər göstərilməsi çox önəmlidir.
Bu, danılmaz bir faktdır ki, TDT bu gün beynəlxalq müstəvidə təkcə etnobirliyi təmsil edən mədəni-siyasi qurum deyil, həm də qlobal siyasi səhnədə sürətlə irəli çıxan, nüfuz qazanan strateji, iqtisadi və texnoloji güc mərkəzi kimi qəbul edilir. Prezident İlham Əliyev Türküstan Zirvəsindəki çıxışında vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Eyni zamanda, keçən ilin oktyabr ayında Qəbələ Zirvə görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində sıx fəaliyyət göstərir. Onu da qeyd etməliyik ki, Türk Dövlətləri Təşkilatının bugünkü səviyyəyə çatmasında Azərbaycan Prezidentinin diplomatiyası və qətiyyətli iradəsi müstəsna rol oynayıb.
Əsası Azərbaycanda - mədəniyyət beşiyimiz Şuşada qoyulan TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşləri protokol xarakterli quru diplomatik toplantılar deyil. Bu toplantılarda bütün Türk dünyasının gələcək geosiyasi, geoiqtisadi və texnoloji istiqamətlərini müəyyənləşdirən mühüm strateji qərarlar qəbul edilir. Bu baxımdan “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunan Türküstan Zirvəsi də hazırkı dəyişkən beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin yeni çağırışlara kollektiv cavab vermək niyyətini nümayiş etdirdi. Belə ki, yeni mərhələdə rəqəmsal suverenlik, məlumat təhlükəsizliyi və texnoloji əməkdaşlıq artıq hər bir türk dövləti üçün əsas prioritetlərdən birinə çevrilməkdədir. Odur ki, tam əminliklə deyə bilərik ki, Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü TDT tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəlki dövrdə Türk dünyası daha çox ortaq tarix və mədəniyyət məkanı kimi qəbul olunurdusa, indi artıq ortaq strateji maraqlar sistemi formalaşır.
Türk dünyasının inteqrasiya və inkişafının yeni strateji mərhələsinin əsasının qoyulduğu bugünkü zirvə görüşü həqiqətən də irəliyə doğru böyük bir sıçrayışdır. Yeni mərhələnin əsas həlledici amili budur ki, bu gün Türk inteqrasiyası artıq texnologiya üzərində qurulur. Az öncə də qeyd etdiyim kimi, əgər əvvəlki illərdə TDT daha çox nəqliyyat, enerji, logistika və təhlükəsizlik məsələləri üzərində fokuslanırdısa, Türküstan Zirvəsi isə göstərdi ki, təşkilat artıq rəqəmsal transformasiya və texnoloji modernləşməni prioritet elan edir. Süni intellektin dövlət idarəçiliyində tətbiqi, rəqəmsal xidmətlərin inteqrasiyası, kibertəhlükəsizlik və innovasiya ekosistemlərinin yaradılması kimi mövzular türk dövlətlərinin ortaq gündəliyinə çevrilir. Bu, Türk dünyasının gələcəyinə tamamilə yeni yanaşmadır və bu yanaşma ona görə xüsusilə mühümdür ki, hazırda dünya yeni texnoloji rəqabət mərhələsinə daxil olur. ABŞ–Çin texnoloji qarşıdurması, Avropanın rəqəmsal suverenlik siyasəti və süni intellekt ətrafında qlobal yarış fonunda türk dövlətləri də kollektiv texnoloji blok formalaşdırmağa çalışırlar. Deməli, TDT artıq tam yeni anlamda güclü iqtisadi-texnoloji əməkdaşlıq məkanı kimi inkişaf etmək fürsətini qazanır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türküstan Zirvəsində iştirakı və çıxışı Azərbaycanın Türk dünyasında artan rolunu bir daha əyani nümayiş etdirdi. Prezidentin Qazaxıstana işgüzar səfəri və Zirvə görüşündə iştirakı Bakı üçün TDT-nin prioritet xarici siyasət platformalarından biri olduğunu göstərir. Dövlətimizin başçısının toxunduğu məqamlar və verdiyi mesajlar Azərbaycanın strateji vizionunu ortaya qoydu. Bizim ölkəmiz Türk dünyasının inteqrasiyasını yalnız ideoloji layihə deyil, həm də iqtisadi, texnoloji və geosiyasi reallıq kimi görür. Azərbaycan bu prosesdə həm siyasi təşəbbüsləri, həm enerji resursları, həm də kommunikasiya layihələri ilə təşkilatın aparıcı aktorlarından biri olaraq çıxış edir. İlham Əliyevin fəal diplomatiyası Azərbaycanı TDT-nin strateji hədəflərini göstərən və inteqrasiyanı sürətləndirən əsas təşəbbüsçüyə çevirib.
Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika siyasəti TDT məkanını Avropa ilə Asiya arasında alternativ tranzit mərkəzinə çevirmək məqsədi daşıyır. Bu gün Rusiyanın Ukrayna ilə hərbi toqquşmasının davam etməsi və eləcə də ABŞ-İran qarşıdurması nəticəsində ənənəvi ticarət yollarında risklərin artması fonunda Orta Dəhliz layihəsinin əhəmiyyəti getdikcə daha da yüksəlir. Bu kontekstdə Bakı, Ankara, Astana və digər türk paytaxtları artıq bu marşrutu yalnız iqtisadi deyil, strateji təhlükəsizlik layihəsi kimi görürlər. Deməli, TDT üzvlərinin inteqrasiya və əməkdaşlıq prosesini daha da gücləndirməsi təxirəsalınmaz zərurətə çevrilir. İlham Əliyevin çıxışı da böyük ehtimalla bu inteqrasiyanın dərinləşdirilməsi və türk dövlətləri arasında praktik əməkdaşlığın artırılması mesajını daşıyırdı.
Bu gün bütün türk dövlətləri üçün postneft dövrü başlayır. Türküstan Zirvəsi də məhz bu baxımdan olduqca mühüm idi. Rəqəmsal transformasiya və postneft dövrü hər bir türk dövlətinin qapısını döyür. Ona görə də, “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunun seçilməsi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Bakı son illərdə iqtisadiyyatın diversifikasiyası, rəqəmsal hökumət, innovasiya və texnologiya sahələrinə investisiyaları artırır. Bu baxımdan İlham Əliyevin çıxışı yalnız regional əməkdaşlıq deyil, həm də Türk dünyasının postneft inkişaf modelinə keçid strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın bu prosesdə aktiv rol oynayacağı isə şəksizdir. Ümumilikdə, Türküstan Zirvəsinin nəticələri göstərdi ki, bu gün türk dövlətlərinin əməkdaşlığı simvolik birlik mərhələsindən çıxaraq praktik güc modelinə çevrilməkdədir.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş