
İllərdir ki, Cənab Prezident İlham Əliyevin timsalında bir ənənə dəyişməz olaraq qalır. Dövlət başçısı bir qayda olaraq əlamətdar tarixləri, hətta öz doğum gününü işğaldan azad edilmiş ərazilərdə keçirir, xoş günlərini Böyük Qayıdış prosesi çərçivəsində öz doğma yurdlarına qayıtmış sakinlərlə birgə qeyd edir. Tariximiz üçün yadda qalan və unudulmaz olan Ümummilli Lider Heydər Əliyevin doğum günündə də Cənab Prezident eyni ənənəyə sadiq qaldı və Zəngilan sakinləri ilə görüşdü. Dövlət başçısının dediyi kimi, məhz 10 may tarixində keçirilən görüş həm də rəmzi məna daşıyırdı. Çünki Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Ulu Öndərin bu arzusu, vəsiyyəti Onun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən yerinə yetirildi. Dövlət başçısının qeyd etdiyi kimi bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur və işğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik.
Qeyd etmək lazımdır ki, Cənab Prezidentin işğaldan azad edilmiş hər bir şəhər və rayona səfəri bir tarix olmaqla bərabər, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurdan həm ölkə ictimaiyyəti, həm də dünyaya vacib mesajların verilməsi baxımından da əhəmiyyətlidir. Bu mənada Prezident İlham Əliyevin Zəngilanda sakinlərlə keçirdiyi görüş zamanı verdiyi mesajlar da günümüz üçün kifayət qədər aktuallığı ilə seçilirdi.
Cənab İlham Əliyevin Zəngilan səfəri və orada keçirdiyi çoxsaylı görüşlər, yerli sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin ana xəttində dayanan əsas məqam ondan ibarət idi ki, Azərbaycan dövləti və xalqı Ermənistandan fərqli olaraq qurucu, yaradıcı xalqdır. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində yalnız vandallıq törətmiş, bütün mülki obyektləri, tarixi-mədəni abidələri tamamilə məhv etmiş, xarabalığa çevirmişdi. Azərbaycan isə cəmi 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişmiş, ora yeni həyat gətirmişdi. Ən vacib məqam ölkəmiz 44 günlük müharibə zamanı qanı, canı bahasına işğal altında olan ərazilərini azad edərkən belə heç bir mülki obyektləri hədəf almamış, öz humanistliyini müharibə şəraitində belə nümayiş etdirmişdi. Elə Zəngilan sakinləri ilə görüş zamanı dövlət başçısı bu məqama xüsusi olaraq diqqət çəkib. Dövlət başçısı bildirib ki, biz bu müharibəni bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Ermənistandan fərqli olaraq:
“Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı müharibə aparırdılar həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq”.
Dövlət başçısının dediyi kimi bütün bunlar da öz növbəsində dünyada bizə olan hörməti daha da artırır. Başlıca səbəblərdən biri isə odur ki, həm qalib xalqıq, həm də müharibəni məhz müharibə qanunlarına uyğun aparmışıq, humanitar qaydalara riayət etmişik.
Dövlət başçısının Zəngilanda sakinlərlə görüşü zamanı diqqət etdiyi mühüm məqamlardan biri də revanşistlərin baş qaldırması ilə bağlı idi. Cənab Prezident hər zaman olduğu kimi yenə də bu əhval-ruhiyyədə olanlara, eləcə də onlara dəstək nümayiş etdirən dairələrə öz xəbərdarlığını ünvanlamış oldu. Prezidentin bu xəbardarlığı erməni revanşistlər və onların dəstəkvericiləri üçün kifayət qədər vacib mesajdır və İlham Əliyevin Zəngilandan verdiyi mesaj mütləq qaydada nəzərə alınmalıdır.
“Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
Nəhayət, dövlət başçısının Zəngilanda xüsusi vurğuladığı bir məqam da ondan ibarət idi ki, sülhün müəllifi məhz Azərbaycandır. Cənab İlham Əliyevin dediyi kimi sülhün müəllifi də bizik və biz istəməsəydik, sülh olmayacaqdı.
Süleyman











































