
Nikol Paşinyanın və onun hakim komanda üzvlərinin "Ermənistan və Azərbaycan arasında müharibə səhifəsi bağlanıb" mesajını səsləndirdikləri və Azərbaycanın ABŞ-ın rəhbərlik etdiyi Sülh Şurasının yaradılması prosesinə qurucu üzv qismində qatıldığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi həqiqətən də mühüm əlamətdar hadisədir. Burada inkarolunmaz təbii-tarixi qanunauyğunluq var. Belə ki, Azərbaycanın yürütdüyü ardıcıl sülh siyasəti zəfər çalır. Biz Azərbaycanın sülh diplomatiyasının dünya çapında uğur qazandığını görürük.
44 günlük müharibədən sonra "Qarabağ məsələsi"nin tarixin arxivinə göndərilməsi və sülh dövrünün başlanması ilə bağlı təklif və səylərimizin müsbət nəticələnməsi bir daha Azərbaycanın əsas sülh təşəbbüskarı kimi çıxış etdiyini göstərir. Zayed Fondunun təsis etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" da Azərbaycan Prezidentinin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilir.
Uzun illər ərzində işğaldan əziyyət çəkmiş və Ermənistanla davamlı müharibə vəziyyətində olmuş bir ölkə kimi Azərbaycanın hərbi yolla öz ərazisi və suverenliyi üzərində tam nəzarəti bərpa etməsi və bunun ardınca da dərhal sülh təşəbbüsü ilə çıxış etməsi olduqca qiymətli təcrübədir. Bizim ölkəmiz sülh yaratmaq sahəsində birbaşa və effektiv təcrübəyə malikdir. Azərbaycanın bu təcrübəsi dünyadakı digər münaqişələrin də çözümünə müsbət töhfə verə bilər və hər kəsin razılığını təmin edən ədalətli sülhə nail olmaq sahəsində "yol xəritəsi" rolunu oynaya bilər.
Bu mənada Azərbaycanın real sülh təcrübəsinin ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında yaradılan Sülh Şurasının fəaliyyətinə mühüm fayda verəcəyi şəksizdir. Biz münaqişələrdən sülhə necə keçməyin yolunu sözdə deyil, əməli olaraq bilirik. Bu kontekstdə Azərbaycanın sülh təcrübəsi dünyadakı konfliktlərin həllinə yeni yanaşma baxımından həqiqətən də çox ciddi müsbət dinamika gətirə bilər. Azərbaycan istər Qəzzadakı münaqişəyə son qoymaq, istərsə də digər münaqişələri dayandırmaq, sülhü təmin etmək, beynəlxalq təlükəsizlik və sabitliyə nail olmaq istiqamətində Sülh Şurasının səylərini dəstəkləyəcək. İlham Əliyevin bölgədə dayanıqlı sülhün təmin olunmasına verdiyi töhfələr qlobal sülh üçün də faydalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri










































