Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

31 Mart hadisələri–azərbaycanlıların məhvinə yönəlmiş soyqırım

31 Mart hadisələri–azərbaycanlıların məhvinə yönəlmiş soyqırım


1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində imperiyanın tərkibində olan ərazilərdə yaranmış qeyri-müəyyən durum və idarəetmədə meydana çıxan boşluqlar ermənilərin Qafqazı, xüsusilə də Azərbaycanı nəzarətə götürmək istəklərini yenidən alovlandırdı. Regionda yaranmış vəziyyətdən istifadə edən erməni daşnakları bolşeviklərin köməkliyi ilə azərbaycanlılara qarşı XX əsrin ən qanlı soyqırımlarından birini həyata keçirməyə başladılar. “Böyük Ermənistan” ideyasının reallaşması istiqamətində həyata keçirilən bu soyqırım, əslində, Azərbaycan xalqını tamamilə məhv etməyə hesablanmışdı. Soyqırımın təkcə Bakı şəhərini deyil, eləcə də Azərbaycanın bölgələrini əhatə etməsi bu qətliamın planlı şəkildə, azərbaycanlıların məhvinə hesablandığını demək üçün əsas verirdi.

1918-ci ilin mart-aprel aylarını əhatə edən bu soyqırım nəticəsində Bakı şəhərində, həmçinin Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi. İnsanlara xüsusi amansızlıqla işgəncələr verildi. Tarixi faktlara əsasən, 1918-ci ilin 30 mart–3 aprel tarixlərini əhatə edən günlərdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə həyata keçirilən soyqırım nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib. Erməni daşnakları təkcə insanlara qarşı vəhşilik edərək onları qətlə yetirmir, eyni zamanda azərbaycanlılara məxsus tarixi-mədəni abidələri dağıdır, onları məhv edirdilər.

Erməni daşnaklarının bir nömrəli hədəfi isə, heç şübhəsiz ki, Bakı şəhəri idi və Bakını ələ keçirmək ermənilər üçün böyük uduş olardı. Çünki Bakı, bu gün olduğu kimi, XX əsrin əvvəllərində də dünyanın ən mühüm neft mərkəzlərindən biri idi. Şəhərə nəzarət etmək ermənilər üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük üstünlük olardı. Bu səbəbdən Bakı uğrunda mübarizə xüsusi qəddarlıqla aparılırdı.

Mart soyqırımının ən dəhşətli günlərindən biri də Qubada yaşanıb. Quba qırğınları zamanı şəhərdə təxminən 3 minə yaxın, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərdən artıq şəxs erməni daşnaklarının qurbanına çevrilib. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.

Zaman keçdikcə imperiyanın məkrli planı və tarixi saxtalaşdırmağa yönəlik siyasəti ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü xalqın yaddaşından unutdurulmağa çalışılsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın tarixinin yenidən öyrənilməsi, başımıza gətirilən müsibətlərin və soyqırımların gələcək nəsillərə çatdırılması tarixi həqiqətlərin üzə çıxmasına şərait yaratdı. Bütün istiqamətlərdə olduğu kimi, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün də dərindən öyrənilməsi, ona hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. 1998-ci il 26 mart tarixində Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında Fərman”ı bunun bariz sübutudur.

Həmin fərmana əsasən, 31 mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu da öz növbəsində 1918-ci il hadisələrinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi idi. Sözügedən fərman, eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş qırğınların araşdırılmasının dövlət siyasətinin bir hissəsinə çevrilməsi demək idi. Ulu Öndər bu məsələnin yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanıdılmasına xüsusi önəm verirdi. Xarici ölkələrdə müxtəlif tədbirlərin və konfransların keçirilməsi, diplomatik nümayəndəliklər vasitəsilə məlumatlandırma işlərinin aparılması məhz bu məqsədə xidmət edirdi.

Heydər Əliyevin müəyyən etdiyi bu siyasət sonrakı illərdə də davam etdirildi. Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin mühüm rolu nəticəsində bu günün beynəlxalq səviyyədə tanıdılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ötən illər ərzində məqsədyönlü addımlar atılıb. Öz növbəsində Prezident İlham Əliyev də müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər qurumlarda çıxışları zamanı 1918-ci il hadisələri barədə məlumat verərək bu faciənin dünya ictimaiyyətinə çatdırılmasına çalışıb. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tariximizin saxtalaşdırılmasının qarşısını almaq üçün ardıcıl siyasət həyata keçirir. Xarici ölkələrdə konfranslar, sərgilər və təqdimatların təşkil olunması, soyqırımı ilə bağlı materialların müxtəlif dillərdə nəşr edilməsi, Azərbaycan diplomatiyası vasitəsilə müxtəlif ölkələrin parlamentlərində və beynəlxalq təşkilatlarda bu mövzunun gündəmə gətirilməsi İlham Əliyevin xarici siyasət kursunun tərkib hissəsidir.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş