Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranı etnik və vətəndaş qarşıdurması gözləyir

İranı etnik və vətəndaş qarşıdurması gözləyir


İran ətrafında baş verən hadisələri siyasi şərhçi Elçin Ağamalı ilə müzakirə etdik. Elçin Ağamalı Newscenter.az-a verdiyi müsahibədə müharibənin yerləşdiyimiz regiona, xüsusilə də Azərbaycana mümkün təsirlərindən də danışdı.

-İrana qarşı başlayan hərbi əməliyyat regionumuza nə vəd edir?


-İran regionumuzun böyük dövləti olmaqla bölgədə geosiyasi maraqlarını möhkəmləndirmək üçün açıq və ya gizli üsullardan fəal istifadə edən dövlətdir. Aqressiv və hiyləgər xarici siyasət yürüdən İran rejimi güclü Azərbaycan dövlətinin mövcudluğunda maraqlı deyil və Ermənistanın zəif durumundan ölkəmizə qarşı hər zaman yararlanmışdır. Hazırda Qafqazda geosiyasi reallıqlar tamamilə dəyişmiş və İranın bölgəyə təsir imkanları minimuma enmişdir. Bununla belə İranın nüvə silahı əldə etmək yönündəki fəaliyyəti ölkəmizin maraqlarına ziddir və təhlükədir. Eyni zamanda İranda yaşayan milyonlarla soydaşımızın milli kimliyinin tanınmaması da bizi narahat edən məsələlərdəndir.

ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyat öz mahiyyətinə görə əvvəlkilərdən fərqlənir. Bu dəfə məqsəd İranla bağlı məsələlərin kökündən həll olunmasıdır. Başqa sözlə qarşıya qoyulan vəzifə hakimiyyətin dəyişdirilməsidir. Qarşıdurmanın nə ilə bitəcəyini söyləmək çətindir. Ancaq ABŞ-ın qarşıya qoyduğu məqsədlərə çatacağı təqdirdə düşünürəm ki, region qismən rahat nəfəs alacaqdır. ABŞ-a loyal qüvvələrin hakimiyyətə gəlməsi İranın xarici siyasətini daha yumşaq və idarə olunan edəcəkdir. Bu isə illərdir İran tərəfindən formalaşdırılan və bəslənən hərbiləşdirilmiş təşkilat və üsyançı qrupların zəifləməsi və məhvi deməkdir. Bu və digər amilləri nəzərə alaraq düşünürəm ki, İrana qarşı başlanan hərbi əməliyyatlar eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir və uğur qazanacağı təqdirdə ölkəmiz proseslərin qazanan tərəfində yer alacaqdır.

-Bəs Azərbaycana istər siyasi, istərsə də iqtisadi və humanitar baxımdan nə kimi mənfi təsirlər ola bilər?

-İranda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Cənubi Azərbaycan amili İranı Azərbaycana qarşı münasibətdə hər zaman qeyri səmimi (yumşaq ifadə etsək) olmağa vadar edəcəkdir. Bununla belə İranda hakimiyyətə gələcək hər hansı bir qüvvənin ölkəmizə qarşı siyasi antipatiyası dini rejimin mövcud münasibətindən kəskin olmayacaqdır. Minimum olaraq hakimiyyət dəyişikliyi din pərdəsi adı altında ölkəmizdə maliyyələşdirilən müəyyən qrup insanların maliyyəsinin kəsilməsinə səbəb olacaqdır. Münaqişənin uzun davam edəcəyi təqdirdə Naxçıvanın ərzaq və digər təminatında müəyyən çətinliklər yarana bilər. Bu çətinliklərin Ermənistandan tranzit yolunun açılması ilə həll oluna biləcəyi qənaətindəyəm. ABŞ-ın siyasi planlarının uğursuzluğa düçar olacağı təqdirdə İranda vətəndaş və etnik münaqişələrin alovlanması baş verərsə, o zaman qonşu ölkədən Azərbaycana pənah gətirə biləcək qaçqınların sayəsində humanitar problemlərlə üzləşə bilərik. Münaqişənin törədə biləcəyi iqtisadi fəsadlara gəldikdə isə fikrimcə, burada mənfi təsirlərdən daha çox müsbət amillər ola bilər. Sərhədlərin qismən və ya tam bağlanmsı ilə Çindən gələn və İrandan keçən tranzit yüklərdə azalma ola bilər ki, bunun da əvəzində Orta Dəhlizə olan təlabat arta bilər. Həmçinin, İrandan gələn ucuz ərzaq və qeyri ərzaq məhsullarının azalması ölkəmizdə yerli istesalı stimullaşdırar.

-Sizcə İranın dini lideri başda olmaqla bir neçə yüksək rütbəli rəsmisinin öldürülməsi ilə proses başa çatacaq, yoxsa gərginlik hələ irəlidədir?

-Bir və ya bir neçə nəfərin fiziki məhvi ilə İrandakı rejimin çökəcəyi qənaətində deyiləm. Proseslərin uğur qazanması və yekunlaşması üçün rejimin mövcud siyasi və hərbi elitası əsasən ya məhv edilməli, ya da siyasi mövqeləri dəyişməlidir. Eyni zamanda xalqın etiraz dalğası mütəşəkkil qaydada geniş vüsət almalıdır. Başsız qalan ordu və digər güc strukturları tamamilə və ya qismən xalqın tərəfinə keçməli, ikinci dərəcəli siyasi dairələr ABŞ-a loyallıqlarını bildirməli və ya hakimiyyətin ABŞ-ın müəyyən etdiyi qüvvələrin əlinə keçməsinə şərait yaratmalıdırlar. Kənar müdaxilə ilə hakimiyyətin dəyişdirilməsinin klassik formulu budur. Hadisələr qeyd olunan ssenaridə inkişaf ertməsə və hərbi əməliyyatlar düşünüldüyündən daha çox zaman alarsa o zaman İranı etnik və vətəndaş qarşıdurması gözləyir.

-Mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır?

-Azərbaycan xarici siyasətdə hər zaman olduğu kimi yüksək peşəkarlıq nümayiş etdirir. Əminəm ki, ABŞ, İsrail-İran qarşıdurmasında bitərfliliyini qorumaqla bərabər dövlətimiz proseslərin inişafının mümkün bütün ssenarilərinə hazırdır.

Süleyman
Xəbəri paylaş