
Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələrin nəticəsində Rusiyada ciddi benzin böhranıb yaranıb. Artıq bir sıra regionlarda yanacaq satışı məhdudlaşdırılır, bəzi yanacaq doldurma məntəqələri bağlanıb, bəzi ərazilərdə isə uzun növbələr və çatışmazlıq var.
Rusiya 2024-cü ildə 41,1 milyon ton avtomobil benzini istehsal edib. Müqayisə üçün deyim ki, 2023-cü ildə bu göstərici 43,9 milyon ton idi. Yəni hələ 2024-cü ildə istehsal 6%-dən çox azalmışdı.
İstehsal olunan benzinin təxminən 87%-i daxili bazarda satılmış, ixrac isə 2023-cü ildə 5,76 milyon ton və ya ümumi istehsalın təxminən 13%-i olmuşdur.
2025-ci il üzrə illik benzin istehsalına dair rəsmi açıq statistika verilməyib. Lakin bəzi mənbələrə görə 2026-cı ilin iyununda Rusiyada gündəlik benzin istehsalı təxminən 90 min tona düşdüyü qeyd edilib. Bu, 2025-ci ilin iyun ayının orta gündəlik istehsalından təxminən 25% azdır.
Bunun da nəticəsində Kreml artıq rəsmən benzin böhranını etiraf edir. Buna görə də Rusiya benzin ixracını məhdudlaşdırır, dizel ixracına qadağanı müzakirə edir və Qazaxıstandan təxminən 50 min ton AI-92 benzini idxal etməyi nəzərdən keçirir.
Amma problem orasındadır ki, 50 min ton Rusiyanın dərdinə dərman ola bilməyəcək. Çünki, illik 41,1 milyon ton benzin istehsalı fonunda çox bu kiçik həcmdir və böhranı aradan qaldırmaq gücündə deyil. Alternativlər kimi Belarusdan da benzil idxalı mümkündür. Amma bu da ptoblemi həll edə bilməz. Çünki, Belarus benzin istehsalı həcmini rəsmi açıqlamasa da ölkənin iki neft emalı zavodu birlikdə ildə təxminən 18 milyon ton neft emal edir. Bunun nə qədərinin benzin olduğu açıqlanmadığı üçün ixrac potensialını dəqiq hesablamaq mümkün deyil.
Lakin, adətən neft emal həcminin 30%-dək benzin ola bilir ki, bu da Belarusun potensialının nə qədər yetərsiz olduğunu bir daha göstərir. Daha bir fakt ondan ibarətdir ki, Belarus 2025-ci ilin sentyabrında Rusiyaya cəmi 49 min ton benzin göndərə bilmişdi. Bu isə Rusiyadakı böhranı aradan qaldıracaq miqyasdan uzaqdır.
Əlqərəz, əgər Ukraynanın neft emalı zavodlarına zərbələri davam edərsə, benzin istehsalındakı azalma daha da dərinləşə, yanacaq qıtlığı Rusiyanın bütün regionlarına yayıla bilər. Bunun nəticəsi isə 2026-cı ildə yanacaq doldurma məntəqələrində və avtomobillərdə hiss olunsa da, sonrakı mərhələdə hərbi logistika, qoşunların təminatı və cəbhənin dayanıqlılığı üçün daha ciddi problemlər yarada bilər. Hələ bu prosesin Rusiya daxilində yarada biləcəyi daxili iqtisadi və sosial çaxnaşma risklərini demirəm.
Eldəniz Əmirov, iqtisadçı












































