“Azərbaycan Hava Yollarının J2-8243 nömrəli reysinə məxsus “Embraer 190” sərnişin təyyarəsinin 25 dekabr 2024-cü ildə Bakıdan Rusiyanın Qroznı şəhərinə gedərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması təkcə Azərbaycan xalqını deyil, bütün türk dünyasını dərindən sarsıdan faciədir.
Newscenter.az xəbər verir ki, bu fikirləri EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren səsləndirib. O bildirib ki, bu faciəli hadisədə 38 nəfər itirdik və itirilən hər bir həyat qəlbimizdə dərin yara qoydu:
"Azərbaycan Hava Yollarının pilotlarının göstərdikləri inanılmaz şücaət və fədakarlıq insan şərəfinin və qəhrəmanlıqlarının ən güclü nümunələrindən biri kimi yaddaşlarımıza həkk olunub.
Xəzər səmalarında aparılan sərt mübarizədə 29 sərnişini bütün hidravlik sistemlərin itməsinə baxmayaraq yaşatmağı bacaran bu qəhrəmanlar adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Onların öz həyatlarını heçə sayaraq apardıqları bu mübarizə türk millətinin qürur mənbəyinə çevrilmişdir. Onlar sadəcə pilot deyil, insanlıq uğrunda ən mənalı mübarizənin cəsur nümayəndələridir".
Hikmet Eren təəssüf hissi ilə qeyd edib ki, bu faciənin sadəcə qəza olmadığını düşündürən güclü və haqlı şübhələr var:
"Azərbaycan hakimiyyətinin açıqlamalarına görə, təyyarənin Rusiyanın “Pantsir-S” hava müdafiə sistemi tərəfindən vurulub, daha sonra təcili eniş tələblərinin sistemli şəkildə rədd edildiyi məlumatları ağıllarda ciddi suallar doğurub. Təyyarənin Qroznı səmalarında vurulmasından sonra təyyarənin 450 kilometr məsafədə yerləşən Aktauya istiqamətlənməsi faciənin qəsdən vurulması ehtimalını və sübutları məhv etmək məqsədi daşıdığını təsdiqləyir. Bu mənfur hadisəni bütün ölçüləri ilə işıqlandırmaq, günahkarları ədalət qarşısında məsuliyyətə cəlb etmək beynəlxalq ictimaiyyətin və bəşəriyyətin birgə məsuliyyəti olmalıdır".
Hikmet Eren, "Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycan dövlətinə başsağlığı verir, qardaş Azərbaycan xalqının dərin acısını ürəkdən bölüşürük. Qəzada həyatını itirənlərə Uca Allahdan rəhmət, yaralılara acil şəfa, kədərli ailələrinə səbr diləyirik. Dualarımız qardaş ölkə Azərbaycanladır. Bu ağrı unudulmayacaq; bu qəhrəmanlıq həmişə xatırlanacaq".
Süleyman