Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi

Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi


Newscenter.az.15.03.2019. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Dövlət Komitəsi) Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Newscenter.az-a bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 10-cu abzasına əsasən, Dövlət Komitəsi dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. Eyni zamanda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Dövlət Komitəsinin əsas vəzifələrindən biridir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

E.Miriyev də bu hüququndan istifadə edərək, “İslamda yoxdur” adlı əsərini Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün təqdim edib. Müəllifin “seyidlik” anlayışı və Peyğəmbərin məsumluğu” ilə bağlı mövqeyi və bu mövqeyi ifadə etmə forması ölkədə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə, dini nifrət və düşmənçiliyə, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcəyindən Dövlət Komitəsi həmin əsərin nəşrini məqsədəuyğun hesab etməyib.
Dövlət Komitəsinin qərarına etiraz edən Elşad Miriyev məhkəməyə müraciət edib, birinci instansiya və apellyasiya məhkəmələri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərarını qüvvədə saxlayıb.

Elşad Miriyev Dövlət Komitəsinin qərarından sonra media imkanlarından istifadə edərək dəfələrlə Komitə əməkdaşlarına qarşı qərəzli ittihamlar səsləndirib, ictimai rəyi çaşdırmağa çalışıb.

13.03.2019-cu il tarixində “Bizim yol” saytının əməkdaşına verdiyi video müsahibədə növbəti dəfə bu məsələni gündəmə gətirərək, guya kitabın nəşrinə razılığın verilməməsində Qafqaz Müsəlmanları İdarəsinin rolu olduğunu bildirib. Onu qeyd edək ki, dinşünaslıq ekspertizası ilahiyyatçı mütəxəssislər tərəfindən tam müstəqil həyata keçirilir. Bu mütəxəssislərin verdiyi qərara kimlərinsə hansısa formada müdaxilə etmək səlahiyyəti yoxdur. Eyni zamanda müvafiq qanunvericiliyə əsasən, ekspertlərin bilə-bilə yalandan rəy verməsi cinayət məsuliyyəti yaradır.

Özünün də qeyd etdiyi kimi,məlum fikir Elşad Miriyev tərəfindən səsləndirildiyi zaman həm onunla fərdi söhbətlərdə, həm də məhkəmədə dəfələrlə QMİ-nin kitabın nəşrinə razılığın verilməməsində rolunun olmasının yalan olduğu bildirilib.

Dövlət Komitəsi bu iftiranın əsassız olduğunu, bu gün ölkədə formalaşan dövlət-din münasibətlərinə xələl gətirmək məqsədi güddüyünü bəyan edir. Qafqaz Müsəlmanları İdarəsi ilə Dövlət Komitəsi arasında nifaq salmaq cəhdi kimi qiymətləndirir.
Xəbəri paylaş