Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel döyüşlərində ordunun əks-hücumunun məqsədi Araz boyunu işğaldan azad etmək idi



Newscenter.az.2.04.2020. "2016-cı il, 2-5 aprel tarixlərini əhatə edən dörd günlük müharibədə Azərbaycan əks hücuma keçərək strateji nöqtələri nəzarətə götürdü. Böyük bir ərazidə işğalçı ordunun hərkət trayektoreyasına nəzarəti ələ aldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, həmçinin Ermənistan ordusu barədə mifləri yox etdi:

"Bu döyüşlərdən sonra erməni ordusu artıq qarşısında güclü və döyüş qabiliyyətinə malik ordu ilə üz-üzə qaldığının fərqində oldu. Dörd günlük müharibə Ermənistanın siyasi-hərbi sistemini laxlatdı və Qarabağ klanı bununla da siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Aprel döyüşləri Ermənistan ordusu arasında koordinasiyanın, onun maddi-texniki bazasının çox acınacaqlı olduğunu üzə çıxardı. Azərbaycan Ermənistan üzərində siyasi-hərbi qələbə edərək, erməni ictimaiyyətində qalib obrazı kimi xarakterizə olundu. Ermənistan siyasiləri və ictimaiyyəti çox yaxşı başa düşdü ki, Rusiya faktoru olmasaydı, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda və Laçında dalğalanacaqdı”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Aprel döyüşlərində ordunun əks-hücumu Cəbrayıl, Füzulini götürməklə, Araz boyunu işğaldan azad etmək idi:

“Bəli, Azərbaycan ordusu qarşısına qoyulan tələbi uğurla yerinə yetirdi və planda olan ərazilərdə nəzarət təmin edilmişdi. Amma, Rusiyanın israrları ilə danışıqlar prosesi ilə bu ərazilərin qaytarılması razılşadı. Həmin ilin yayında Sankt-Peterburqda əldə olunan razılaşma ilə Sarskiyan da bu plan üzrə hərəkət edəcəyini vurğuladı. Amma zaman keçdikcə , Azərbaycan tərəfini Moskva-Yerevan tandemi manipulyasiya etdi və danışıqlarda vaxt itkisi əleyhimizə işlədi. Həmin vaxt ABŞ və Avropa Azərbaycanın ərazilərini işğaldan azad etməsində maraqlı idi. Çünki, bununla da Rusiyanın regionda mövqeləri zəifləyəcəyi və Qərbin maraqları regionda güclənəcəkdi. Qeyd edim ki, Azərbaycan bu əks-hücumda Qərbin neytral qalacağından əmin idi. Yoxsa, bu hücuma keçməzdi”.

Politoloq hesab edir ki, Moskva təşəbbüsü əldən verməyərək Azərbaycan və Ermənistan Baş Qərargah rəsilərini Moskvaya dəvət edərək atəşkəsə imza atdırdı. Bununla da Bişkek protokolu qüvvədən düşmüş sayılmalı və Moskvada atəşkəs müqaviləsi sadəcə bir öhdəlik kimi qəbul edilməməli idi:

“Aprel döyüşlərindən sonra Ermənistan ordusu heç də səhvlərini 180 dərəcə düzəltməyib, ordunun döyüş qabiliyyəti və maddi -texniki bazası zəif olaraq qalır. Sadəcə cəbhə xəttində mühəndis istehkam işləri görərək müdafiə səddini qurub. Azərbaycan ordusu dörd il ərzində daha da güclənib, arsenalını yeni 5-ci nəsil silahlarla təchiz edib. Demək olar ki, dünyanın reytinq cədvəlində güclü ordu kimi sıralanmaya daxil olub. Ermənistan ordusu isə, yenədə Rusiyanın işlənmiş silahları ilə öz mövcudiyyətini qorumağa çalışır. Azərbaycan növbəti dəfə əks-hücuma keçərsə işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəcək və Moskvanın danışıqlar aparmaq cavabı qarşılığında Ankara ilə birgə hərəkət edə bilər”.

Mehman
Xəbəri paylaş