Newscenter.az.11.02.2020. Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilən şəxslərin bir qrupunun müayinəsinin nəticələri açıqlanıb.
Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb.
Məlumata görə, testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb: "Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib".
Qeyd edək ki, bu günə qədər KTM-ə virus şübhəsi ilə 7 nəfər yerləşdirilmişdi. Onların heç birində xəstəlik aşkar edilməyib və 6 nəfəri evə buraxılıb. Hazırda xəstəxanada 1 nəfər qalıb. O, Azərbaycan vətəndaşıdır və səhhətində ciddi problem yoxdur.
Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılan tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-si bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-də bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.