Newscenter.az.12.02.2020. Paytaxt məktəbliləri arasında “Plastik torbalar və bağlamalar qadağan olunmalıdır” mövzusunda yarış keçirilib.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışda BŞTİ-nin müdir müavini Raman Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, İdarənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Britaniya Şurasının nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
IX-X sinif şagirdləri arasında təşkil olunan yarışda iki komandadan ibarət məktəblilər mübarizəyə qatılıblar. Şagirdlər plastik tullantılar və onların ətraf mühitə təsiri mövzusunda ingilis dilində tədqiqat işi aparıblar.
Yarışma zamanı şagirdlər həm ingilis dili, həm də debat bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə çıxış edənlər plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyətindən bəhs ediblər. Müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə məlumat verilib. Bildirilib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür.
Sonda iştirakçılara sertifikat və kubok təqdim olunub.