Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Azər Xudiyev Lvov şəhərinin meri ilə görüşüb



Newscenter.az.12.02.2020. “Azərbaycan dövləti Lvov şəhərinin simvolu sayılan fontanın yenidən bərpasına maliyyə yardımı ayırıb. Bu, bir daha Azərbaycan və Ukrayna arasında əməkdaşlığın dostluq prinsiplərinə xidmət etdiyinin göstəricisidir”.

Newscenter.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Lvov şəhər meri Andrey Sadovoy söyləyib. Mer bildirib ki, azərbaycanlı iş adamlarının Lvov şəhərinə investisiya yatırımı üçün hər cür şərait yaradılıb. “Biz azərbaycanlı iş adamlarının Lvovun inkişafı üçün infrastruktur, yol və turizm sahəsinə investisiya yatırımında maraqlıyıq. Qarşılıqlı layihələrin həyata keçirilməsi üçün səylər artırılmalıdır”, - deyə o əlavə edib.

Səfir A.Xudiyev, öz növbəsində, bildirib ki, bu günlərdə Naxçıvan şəhəri və Lvov vilayəti arasında əməkdaşlığa dair sazişin imzalanması iki ölkənin strateji münasibətlərinə daha bir örnəkdir. Bu sazişə görə, iki şəhər arasında birgə mədəni, iqtisadi layihələr həyata keçiriləcək. Yaz aylarında azərbaycanlı iş adamlarının Lvova səfərinin planlaşdırıldığını deyən səfir yaxın gələcəkdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılacağının əsas hədəf olduğunu vurğulayıb.

A.Xudiyev meri Azərbaycana səfərə dəvət edib və bildirib ki, birgə layihələrin həyata keçirilməsi üçün səylər gücləndirilməlidir.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib.
Xəbəri paylaş