MSK-da bu saxtakarlığa şərik olub
Newscenter.az.15.02.2020. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı 81 saylı Beyləqan Seçki Dairəsi üzrə də ciddi saxtakarlıqlara imza atıldığı bildirilir. Seçki dairəsinə daxil olan bütün seçki məntəqələrində səsvermənin nəticələri hakim Yeni Azərbaycan Partiyasının namizədi Şahin İsmayılovun xeyrinə saxtalaşdırılıb. Belə ki, seçki dairəsinin 20 saylı məntəqəsində axşam saatlarında işıqlar söndürülərək səsvermə qutularına Şahin İsmayılovun xeyrinə kütləvi şəkildə bülletenlər atılıb. Eyni proses daha bir neçə seçki məntəqəsində müşahidə edilib.
Bundan başqa səsvermənin nəticələrinin Şahin İsmayılovun xeyrinə olmadığına görə, bəzi məntəqə sədrləri nəticələrə dair aktı deputatlığa namizədə verməkdən imtina ediblər.
Seçki dairəsinə daxil olan əksər seçki məntəqələrində isə Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyevin ciddi tapşırığı əsasında səsvermə prosesi zamanı karusel əməliyyatı həyata keçirilib. Xüsusi avtobuslarla daşınan seçicilər rayon üzrə bir neçə məntəqədə Şahin İsmayılovun xeyrinə səs veriblər.
Redaksiyamıza daxil olan digər bir məlumatda, həmçinin fotolarda səsvermənin nəticələrinin Şahin İsmayılovun xeyrinə necə saxtalaşdırıldığı aydın şəkildə görünür. Belə ki, seçki dairəsinə daxil olan 3 saylı seçki məntəqəsində keçirilən səsvermənin nəticəsinə görə tərtib edilən protokolda cəmi 316 seçicinin səsvermədə iştirak etdiyi Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc edilən nəticələrə dair bölmədə Şahin İsmayılovun həmin məntəqədən 363 səs yığdığı iddia olunur. Yaxud elə həmin məntəqədə səsvermənin nəticələri ilə bağlı tərtib edilən protokolda Şahin İsmayılovun cəmi 46 səs yığdığı açıq şəkildə əksini tapır. Lakin MSK-nın saytında qeyd etdiyimiz kimi hakim partiya namizədinin eyni məntəqə üzrə topladığı səs sayı 363 göstərilir.
Görünür, Mərkəzi Seçki Komissiyası da səsvermənin nəticələrinin Şahin İsmayılovun xeyrinə saxtalaşdırılmasında maraqlı olub. Əks halda bir məntəqə üzrə səsvermədə 316 nəfərin iştirak etdiyi halda təkcə Şahin İsmayılovun xeyrinə 363 səs göstərməzdi. Yaxud qurum Şahin İsmayılovu deputat “seçməkdə” maraqlı olmasaydı, 81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd olmuş şəxslərin MSK-ya göndərdiyi faktları ciddi araşdırar və obyektiv qərar verirdi. Daha şikayəti araşdırmaq üçün şikayət olunan 81 saylı Beyləqan DSK-ya göndərməzdi.