Newscenter.az.15.02.2020. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına hesablanaraq qəbul edilən “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır.
Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir. Bu çərçivədə, Göyçay rayonunda icrasına başlanılan layihələrdən biri də 12.3 km uzunluğa malik yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yoludur.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolunda uzun illər əsaslı-təmir işləri aparılmadığından yolun örtüyü yararsız vəziyyətə düşmüş, bu üzdən nəqliyyatın hərəkətində müəyyən çətinliklər yarandırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 4-cü texniki dərəcəyə uyğun yenidən qurulması ilə yaşanan problemi aradan qaldırılır.
Yolda ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağımış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir, yataq layihə eninə çatdırılması üçün 3-4 metrdən 10 metrə qədər genişləndirilir. Daha sonra əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 120 min kv.m sahədə icra olunur.
Layihə çərçivəsində suötürücü boruların başlıq hissələri yuyularaq dağılmış və bəzi borular yararsız vəziyyətə düşdüyündən yol boyu müxtəkif diametrlərə malik yeni suötürücü dairəvi borular inşa edilib.
Növbəti mərhələ üzrə artıq yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Bu işlər isə 70 min kv.m-dən çox ərazini əhatə etməklə 12 sm qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur.
Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələr,km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.
Göyçay rayonunun Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə yenidən qurulur. Layihənin bu il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlər yol boyu yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yol boyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaratmış olacaq.