Newscenter.az.15.02.2020. Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, İşçi Qrupunun Azərbaycan tərəfdən sədri, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov iclasda çıxış edərək, Azərbaycan və Macarıstan arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb. Enerji üzrə İşçi Qrupunun bu əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirib. Zaur Məmmədov geotermal enerji sahəsində Macarıstanın təcrübəsinin öyrənilməsi və birgə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Macarıstan tərəfindən İşçi Qrupunun rəhbəri, Enerji təhlükəsizliyi sahəsində Xüsusi tapşırıqlar üzrə səfir Pal Sagvari isə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib.
İclasda iki ölkə arasında enerji üzrə tədbirlərin təşkil olunması, qarşılıqlı təcrübə mübadiləsinin və enerji sahəsində investisiya əməkdaşlığının aparılması, energetika sektorunda yeni texnologiyalar, xam neft və neft məhsullarının təchizatı da daxil olmaqla marketinq və ticarəti üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan və Macarıstan arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, həmçinin gələcəkdə təbii qazın nəqli və paylanması sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb. SOCAR və MOL şirkətləri arasında strateji əməkdaşlığın inkişafına dəstək ifadə edilib.
Enerji üzrə İşçi Qrupunun ilk iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolu İşçi Qrupunun rəhbərləri Zaur Məmmədov və Pal Sagvari imzalayıblar. İşçi Qrupunun ikinci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.