Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki,"



Newscenter.az.15.02.2020. Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilir.

Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verilir ki, paneldə Azərbaycan Prezidenti bir sıra tarixi faktları erməni baş nazirin, eləcə də dünya birliyinin diqqətinə çatdırıb:

""Baş nazir Nikol Paşinyan hərbi işğal faktını etiraf edib. Deyib ki, onun öz oğlu erməni silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edir".

Dövlət başçısı qeyd edib ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.

Prezident deyib: "Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!"

Dövlətimizin başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

"Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir".

Prezident İlham Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.

Dövlət başçısı deyib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.
Xəbəri paylaş