Newscenter.az.18.02.2020. Fevralın 18-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qida sahəsi üzrə beynəlxalq ekspert Sice-Treda İveta ilə görüşüb. Agentlikdən Newscenter.az-a bildirilib ki, Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, strukturu, ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.
Görüş çərçivəsində ölkəmizdə yaradılacaq Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrini beynəlxalq standartlara uyğunlaşdırmaq, qida məhsullarının risk qiymətləndirilməsini düzgün həyata keçirmək istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, cari ildə Azərbaycanda iki Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin yaradılması nəzərdə tutulur. Sözügedən məntəqlər ölkəmizə idxal olunan qida məhsullarının risk qiymətləndirilməsini həyata keçirəcək.
Q.Təhməzli məlumat verib ki, Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrində həmçinin ölkəyə gətirilən iri və xırdabuynuzlu heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək.
Görüşdə beynəlxalq ekspert Sice-Treda İveta dünya təcrübəsində uğurla tətbiq edilən Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrini Azərbaycanda da formalaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini bildirib. Qeyd edib ki, sözügedən yeniliklər Azərbaycanda yeni qida təhlükəsizliyi sisteminin inkişafında əhəmiyyətli rol oynayacaq.