Newscenter.az.18.02.2020. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında açıq müzakirələr artıq neçə gündür ki, gündəmi zəbt etməkdədir. Mövzunun təkcə Azərbaycanın və təcavüzkar Ermənistanın deyil, həm də dünyanın bir sıra aparıcı mətbuat orqanlarının diqqətində olması ona olan marağın miqyasından xəbər verir. Etiraf etmək lazımdır ki, son bir neçə ay ərzində müxtəlif beynəlxalq meydançalarda iki ölkə rəhbəri arasında baş tutan mükalimələr böyük ictimai rezonansa səbəb olmuşdur. Bu müzakirələr hər şeydən əvvəl geniş beynəlxalq auditoriyanın həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini daha yaxşı anlamasına, həm də, bu da çox vacib məqamdır, münaqişə tərəflərinin öz mövqeyini, deməli, tarixi həqiqəti təqdim etmək potensialını üzə çıxarmasına imkan yaradır. Artıq İlham Əliyevin təqdimatında Azərbaycanın mövqeyinin getdikcə güclənməsinin, arqument bazasının möhkəmlənməsinin, Paşinyanın təqdimatında isə tam əksinə olaraq, təcavüzkar Ermənistanın mövqeyinin zəiflənməsinin davam etməsinin şahidi oluruq. Münxen Təhlükəsizlik Konfransı bu baxımdan istisna təşkil etmədi.
Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında canlı şəkildə izlədiyimiz müzakirələr birmənalı şəkildə Azərbaycanın dövlət başçısının təcavüzkar dövlətin rəhbəri ilə müqayisədə böyük üstünlüyünün nümayişinə çevrildi. Əvvəla, intelektual müstəvidə iki lider arasında ciddi fərqlər aydın şəkildə nəzərə çarpdı. İkincisi, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və tarixi ilə əlaqədar həqiqətləri daha aydın və arqumentləşmiş şəkildə dinləyicilərə və izləyicilərə çatdırdı. Ən əsası isə dövlət başçımız Azərbaycanın mövqeyini layiqincə müdafiə etməyə, daha sanballı arqumentləri ilə təcavüzkar dövlətin rəhbərini demək olar ki, bütün arqumentlərdən məhrum etməyə, başqa sözlə desək, tərksilah etməyə nail ola bildi.
Heç şübhəsiz, Münxen Təhlükəsizlik Konfrasında açıq müzakirələr Prezident İlham Əliyevin baş nazir Paşinyan üzərində qəti və inandırıcı intellektual, nəzəri-tarixi, mənəvi və psixoloji qələbəsi ilə tarixə düşdü. Daha əhəmiyyətlisi isə odur ki, Prezident İlham Əliyevin timsalında Azərbaycanın Ermənistandan mənəvi-psixoloji üstünlüyü özünün aydın təsdiqini tapdı. Görünür, bu səbəbdəndir ki, işğalçı Ermənistanın siyasətçiləri və ekspertlərindən tutmuş adi insanlarına qədər hamı Paşinyanın ağır məğlubiyyətini etiraf edir və buna görə ona qarşı ən sərt ittihamları irəli sürməyə başlayır.
Mən qətiyyətlə, daxili inamla Münxen Təhlükəsizlik Konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin çıxışını, gətirdiyi arqumentləri, Paşinyanın əlacsız vəziyyətə düşməsini Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyinin bütün dünyaya daha ətraflı çatdırılması sahəsində möhtəşəm addım hesab edirəm.
Münxen Təhlükəsizlik konfransında açıq müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini ləyaqətlə, bacarıqla və qətiyyətlə müzakirə etməsi, heç birimizin şübhə etmədiyimiz həqiqəti bir daha sübuta yetirdi: Ölkəmizin və onun əhalisinin taleyi qüdrətli və etibarlı əllərdədir. Bu fikirlər eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli perspektivlərinə şamil edilə bilər və edilməlidir.
Əli Əhmədov-Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini