Newscenter.az.20.02.2020. Mayın 14-15-də Bakıda "FinTex Sammit 2020" - maliyyə və texnologiyalar sərgisi keçiriləcək.
Bu barədə "Report"a "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, tədbirin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq.
Sərgi “VISA” beynəlxalq kart təşkilatı ilə birlikdə, ABA-nın, Azərbaycan Mərkəzi Bankının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunur.
Tədbir maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı və maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir.
Sammit müvafiq dövlət orqanlarının, maliyyə və bankçılıq üzrə tənzimləyici orqanların baş icraçı direktorları və menecmentini, kommersiya banklarının və maliyyə texnologiyaları şirkətlərinin yuxarı menecmentini, kommersiya və ictimai təşkilatlarının menecerlərini, digər qərarverici və təsiredici şəxsləri, bir sıra beynəlxalq maliyyə institutları və yerli səfirliklərin nümayəndələrini, akademikləri, maliyyə və bankçılıq məhsulları və xidmətləri təklif edən qabaqcıl şirkətləri və digər maraqlı tərəfləri bir araya toplayır.
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiyalar Günləri” elan ediləcək və əlaqədar olaraq müxtəlif kənar tədbirlər (görüşlər, seminarlar, müsabiqələr və s.) keçiriləcək.
Forumun əsas mövzuları:
- Banklar və Fintex: inkişaf edən münasibətlər;
- Ödənişlər və bank xidmətləri;
- Bankların elektron ticarətdə meydana çıxan rolu;
- Robotexnikaya keçid;
- Hüquqi çərçivə;
- Kiber təhdidlər və təhlükəsizlik;
- Pərakəndə bankçılıq: Daha güclü;
- Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri;
- Kriptosistem;
- Ağıllı bank texnologiyaları;
- Maliyyə xidmətlərində trendlər;
- Müştəri mərkəzli dünya (müştəri mərkəzlilik);