Newscenter.az.20.02.2020. Qloballaşan dünyada hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun müxtəlif xarici ölkələrdə formalaşdırdığı lobbiçilik siyasəti və diasporunun gücü ilə ölçülür. Məhz bu səbəbdən bir çox dünya dövlətləri öz diasporlarının güclənməsi yolunda əməli və vacib işlər görürlər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında, dövlətin dünya çapındakı nüfuzunda, eləcə də beynəlxalq təşkilatlarda, parlamentlərdə, müxtəlif siyasi qurumlarda güclü təsir imkanları əldə etməsində diasporun mühüm rolu vardır. Bu baxımdan beynəlxalq aləmin tərkib hissəsi olan və sürətli inkişaf dinamikası ilə regionun lider dövlətinə çevrilən ölkəmiz üçün diaspor siyasəti dövlətçiliyimizin hərtərəfli inkişafı, Azərbaycan Respublikasının müxtəlif sferalarda (siyasət, elm, təhsil, səhiyyə və s.) tanınmasında, dünyadakı nüfuzunun və beynəlxalq təşkilatlarda təsir imkanlarının artmasında, ən başlıcası isə, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və vahid qüvvə təşkil etmək səylərinə daim ciddi fikir verir. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev müxtəlif coğrafi areallarda yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır. Xaricdə yaşayan azərbaycanlıların problem və qayğılarına hər zaman böyük həssaslıqla yanaşan, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daima fəal olmağa istiqamətləndirən dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha sıx təşkilatlanması, eyni amal, hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir.
Dövlətin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi artıq yeni mərhələyə qədəm qoymuşdur. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəhbərlik səviyyəsində nümayəndə heyətinin cari ayda ərəb ölkələrinə (Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər) işgüzar səfərləri, bu ölkələrdə yaşayan azərbaycanlılarla keçirilən səmərəli görüşlər zənnimcə, diaspor sahəsində yeni səhifələr açmağa, uğurlu layihələrə imza atmağa təkan verəcək.
Öncə qeyd edim ki, Dövlət Komitəsinin rəhbərlik və nümayəndə heyətinin Dubay əmirliyində soydaşlarımızla görüş istəyi Birləşmiş Ərəb Əmirliklərində yaşayan və çalışan azərbaycanlılar tərəfindən rəğbət hissiylə qarşılandı. Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğunda keçirilən görüşdə Dubayda yaşayan azərbaycanlılarla yanaşı, Abu-Dabi, Şarjah və Ras əl-Xeyma əmirliyində yaşayan və müxtəlif sahələrdə çalışan soydaşlarımız da iştirak
edirdi. Dövlət himnimizin səsləndirilməsilə başlayan görüş daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan video-çarxın nümayişi ilə davam etdi. Görüş iştirakçılarını səmimiyyətlə salamlayan Fuad Muradov rəhbərlik etdiyi Dövlət Komitəsinin dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətlərinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Bu məsələlər Dövlət Komitəsinin hazırladığı Strateji Yol Xəritəsinə əsasən həyata keçirilir.
Tədbir iştirakçılarına komitənin fəaliyyəti, həyata keçirilən layihələr, Strateji Yol Xəritəsinə uyğun olaraq təsis olunan və 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mədəniyyət mərkəzləri və həftəsonu "Qarabağ" məktəbləri, 10 ölkədə yaradılan və soydaşlarımızın istifadəsinə verilən Azərbaycan Evi, Diaspor xəritəsi və digər görülən işlər haqqında slaydlarla ətraflı məlumat verən Fuad Muradov qeyd etdi ki, artıq 2018-ci ildən Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Fond indiyədək təşkilatlar tərəfindən təqdim edilmiş 66 layihədən 32 layihəni, o cümlədən fərdi şəxslərin verdiyi 16 layihəni maliyyələşdirib. Daha sonra komitə sədri görüş iştirakçılarına layihələrlə bağlı Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət olunması qaydaları barədə izahlı məlumat verdi. "Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Strateji hədəflərimiz - harada yaşamaqlarından asılı olmayaraq soydaşlarımızla davamlı və qarşılıqlı münasibətlərin qurulması, məskunlaşdığı ölkələrlə Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi və eyni zamanda diasporun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına şərait yaratmaqdır." – deyə qeyd edən Fuad Muradov ötən ilin sonunda ölkə başçının müvafiq fərmanı ilə təsis olunan "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə bağlı tədbir iştirakşılarını məlumatlandırdı.
Azərbaycanın səfalı məkanlarından olan Şəki və Şamaxı rayonlarında Dövlət Komitəsi tərəfindən təşkil edilən "Cümhuriyyətin 100 illiyi" və "Nəsimi 650" adlı Diaspor Gənclərinin Yay Düşərgələri haqqında məlumat verən Fuad Muradov qeyd etdi ki, düşərgələrdə ümumilikdə 51 ölkədən 250 gənc iştirak edib. Komitə sədri BƏƏ-də yaşayan azərbaycanlı gəncləri bu il Qusar rayonunda təşkil olanacaq Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirakları üçün müraciət etmələrini də tövsiyə etdi.
Fuad Muradov soydaşlarımızla interaktiv əlaqələri təmin etmək məqsədilə yaradılan və Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən Dövlət Komitəsinin yeni saytı, internet televiziyası olan Diaspor TV və "Dünyada yaşayan azərbaycanlıları tanıyaq-tanıdaq" layihəsi, onlayn Azərbaycan dili dərsləri, son iki ildə ən uğurlu layihə kimi tanınan və xaricdə yaşayan soydaşlarımızla müsahibələr, videoreportajlar yayımlayan "Vətən uzaqda deyil" verilişi, eləcə də, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi feysbuk səhifəsində yer alan məlumatlar, informasiyalar, müxtəlif səpkili videoroliklərlə bağlı görüş iştirakçılarını ətraflı məlumatlandırdı. Bundan əlavə, Dövlət Komitəsinin onlayn radiosu olan "Diaspor FM"-ə qulaq asmağı tövsiyə edən komitə rəhbəri mobil telefonlar üçün tətbiq edilən proqram
vasitəsilə rahat şəkildə şəxsi telefonlardan "Diaspor FM" radiosunu dinləyə biləcəklərini soydaşlarımızın diqqətinə çatdırdı.
Azərbaycandan kənarda milli dövlətçiliyi, milli-mədəni irsi təbliğ etmək məqsədilə ölkə əhəmiyyətli xəbərlərin, tarixi faktların, habelə vacib məlumatların internet resurslarında yayılmasına önəm verən komitə sədri soydaşlarımıza sosial şəbəkələrdə daha aktiv olmağa, fəallıq göstərməyə və böyük diaspor ailəsinə qoşulmağa dəvət etdi. O, BƏƏ-də yaşayan azərbaycanlıların təklif, irad və istəkləri ilə bağlı Dövlət Komitəsinin rəsmi saytına və feysbuk səhifəsinə müraciət etmələrini də diqqətə çatdırdı. Fuad Muradov çıxışı zamanı qeyd etdi ki, ünvanlanan müraciət imkanlarını asanlaşdırmaq, xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının suallarının operativ şəkildə cavablandırılmasına xidmət etmək məqsədilə komitənin saytında çevik əlaqə imkanları yaradılmışdır. Komitə sədrinin çıxışı zamanı təəccüb və maraq doğuracaq məqam ondan ibarət oldu ki, Dövlət Komitəsinə xarici ölkələrdən ünvanlanan bütün email və məktubları Fuad Muradov özü şəxsən oxuyur, operativ şəkildə cavablandırır və lazımi məqamlarda dəyərləndirir.
Keçirilən görüşdə qarşılıqlı fikir mübadiləsinə, xüsusilə Dubayda yaşayan azərbaycanlıların təklif və problemlərinin dinlənilməsinə üstünlük verildi və nəzərə çatdırıldı ki, komitə sədri və nümayəndə heyətinin BƏƏ-yə səfəri və soydaşlarımızla təşkil edilən görüş çərşivəsində burada yaşayan azərbaycanlıların bir araya gətirilməsi üçün olduqca əhəmiyyətlidir və bu səfərlərin mütamadi olması vacibdir. Dubayda yaşayan bəzi soydaşlarımız öz uşaqları üçün həftəsonu Azərbaycan məktəbinin açılmasının, dil kurslarının təşkilinin və ya onlayn həyata keçirilməsini təklif etdilər. Bundan əlavə, Dubay şəhərində müxtəlif sahələrdə çalışan azərbaycanlılar da bildirdilər ki, gələcəkdə keçiriləcək görüşlər buradakı gənc kadrları tanımağımız və onların işlə təminatına kömək etməyimiz baxımından əvəzsiz rol oynayacaq. Görüşdə iştirak edən soydaşlarımızın burada təşkilatlanmağa meyilli olduqları diqqəti cəlb etdiyi üçün gələcəkdə Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının yaradılması məsələsi də müzakirə olundu.
Dövlət Komitəsinin sədri Fuad Muradov yeni təşəbbüslərin olmasının, sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, görüş iştirakçılarını əmin etdi ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək və bundan sonra heç bir insan, xüsusilə vətənpərvər soydaşımız diqqətdən kənarda qalmayacaq, həmvətənlərimizin diaspor fəaliyyətinə cəlb olunması üçün bütün mümkün və zəruri addımlar atılacaq. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və Şimal Əmirliklərindəki Baş konsulu Cavidan Hüseynov öz çıxışında Dubayda və digər əmirliklərdə yaşayan azərbaycanlılarla Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin görüşünü yüksək qiymətləndirərək bu yöndə təşkil olunan tədbirlərin soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında əvəzsiz rol oynadığını vurğuladı.
Qeyd edim ki, artıq uzun illərdir ailəmlə bərabər BƏƏ-də yaşayıram və ilk dəfədir ki, höküməti təmsil edən rəsmi dövlət qurumunun rəhbərlik səviyyəsində nümayəndə heyətinin bu ölkədə yaşayan azərbaycanlılarla tarixi əhəmiyyət kəsb edən səmərəli görüşünün sahidi və iştirakçısı oldum. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfəri və komitə rəhbəri, eləcə də, nümayəndə heyəti tərəfindən soydaşlarımıza göstərilən məxsusi diqqət mənimlə bərabər, bu görüşdə iştirak edən hər bir
azərbaycanlının məmnunluğuna səbəb oldu. Komitə tərəfindən görülən işlər və yeni yanaşmalar onu deməyə əsas verir ki, Fuad Muradovun əməli fəaliyyəti sözün həqiqi mənasında, təqdirə layiqdir. O, ölkə hüdudlarından kənarda məskunlaşan həmvətənlərlə səmimi ünsiyyət və əlaqələrin qurulmasında, yeni münasibətlərin yaranmasında, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün əzmlə çalışır. Onun diaspor məsələləri ilə bağlı müzakirələrə açıq olması, səsləndirilən fikirləri təmkinlə dinləməsi, görüş iştirakçılarına qarşı diqqətcilliyi hökümət rəsmisinin öz işinə məsuliyyətlə yanaşmasından xəbər verirdi.
Görüşün rəsmi hissəsinin sonunda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd etdi ki, Azərbaycan dövləti hər zaman diasporun, həmvətənlərimizin yanındadır və xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı prioritet məsələdir. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. Ölkə başçısı İlham Əliyev cənablarının dünya azərbaycanlılarına xitabən söylədiyi kimi, "Azərbaycanın artan imkanları, potensialı xarici ölkələrdə yaşayan azərbaycanlılara dəstəkdir, onların mövqelərini möhkəmləndirir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar da öz vətənlərinin elçiləri kimi, fəaliyyətləri ilə ölkəmizi daha da yaxşı tanıdırlar. Buna böyük ehtiyac vardır!"
Şəhrizad Süleyman
Şərqşünas-araşdırmaçı, Abu-Dabi Universitetinin azərbaycanlı müəllimi